“Mançester Siti”nin baş məşqçisi Xosep Quardiola “şəhərlilər”in 22 yaşlı forvardı Erlinq Holandı “Barselona”da rəhbərliyi altında oynamış Lionel Messi ilə müqayisə edib.
Fanat.az xəbər verir ki, “Goal” onun dediklərini belə çatdırıb:
Holandın “Vest Hem”lə oyunda (çempionatın birinci turuna təsadüf edən görüşdə Mançester təmsilçisi 2:0 hesablı qələbə qazanıb -red.) het-trik edə bilmədiyinə görə üzülməsi xoşuma gəldi. Məşqçi kimi mənə Messini çalışdırmaq da qismət olub. O, dubl edəndə het-trik, het-trikə imza atdığı zaman poker etmək istəyirdi. Dünya səviyyəli bombardirlər heç vaxt qoldan doymurlar. Onlar həmişə acdırlar.
Erlinqi bu həftə çox tənqid etmişdilər. Ancaq sözün əsl mənasında, sakit idi. Məşqlərdə bütün gücü ilə çalışırdı…
“Vest Hem”lə matçda hakim rəqibin kobudluğunu penalti ilə dəyərləndirdi. Holandın dərhal topu götürməsi ürəyimcə oldu. O, özünəinam saçıdrdı. Məncə, həmin vaxt kimsə topu almaq istəsəydi, Holand onun sifətinə birini ilişdirərdi. Sizə qəribə gəlməsin, bu, yaxşı haldır. Öz gücünə inanan futbolçulardan xoşum gəlir”.
Xatırladaq ki, “Vest Hem”lə səfər matçında hər iki qola debütünü reallaşdıran Holand imza atıb. Norveçli ulduz ilk qolu penaltidən vurub.