“Türkiyənin Suriyada hərbi əməliyyat planına maneələr var”.
Bu sözləri Medianews.az-a siyasi təhlilçi Şahin Cəfərli söyləyib.
O Türkiyənin Suriyada hərbi əməliyyat keçirmək istəyindəki əsas məqsədi açıqlayıb:
“Suriyanın şimalında kürdlər tərəfindən formalaşdırılmış YPG və PYD terror qruplaşmaları Türkiyə üçün hər zaman təhdid olub. Bu səbəbdən Ankara Suriyanın şimalında bir neçə hərbi əməliyyat keçirib. “Fərat Qalxanı”, “Barış pınarı”, “Zeytun budağı” əməliyyatları buna bariz nümunədir. O zaman həm İŞİD-ə, həm də digər kürd qruplaşmalarına qarşı mübarizə aparılırdı. İndi də Türkiyə növbəti hərbi əməliyyat planını bəyan edib. Ərdoğan bunu hələ may ayında açıqlayıb. Məqsəd Türkiyənin cənub sərhədlərində aktivləşən YPG qruplaşmasına qarşı hərbi əməliyyat keçirməkdir. Konkret olaraq orada Tel Fırat və Münbiçdən YPG-ni sıxışdırıb çıxartmaq və oranı nəzarətə götürmək niyyətindədir”.
Politoloq bu yolda Türkiyənin qarşılaşacağı maneələrdən də bəhs edib:
“Türkiyə yeni əməliyyat planını həyata keçirmək üçün beynəlxalq səviyyədə dəstəklənmir. Yəni bu ideyanın gerçəkləşməsi hələlik mümkün görünmür. Suriyada hərbi əməliyyat üçün qarşıda bir neçə əngəl var. İlk olaraq Rusiya bu məsələyə razı olmalıdır. İkincisi, ABŞ-nin həmin YPG və PYD terror qruplaşmalarını müdafiə etməməlidir. Bu iki maneə aradan qalxarsa, Türkiyə rahatlıqla əməliyyat keçirə bilər. Lakin Rusiya və ABŞ hələlik Türkiyənin əməliyyatına razı deyil”.
Şahin Cəfərli İranın da Türkiyəyə qarşı maneə olduğunu vurğulayıb:
“Türkiyənin Suriyada hərbi əməliyyat keçirməsinə İran da qarşıdır. Hətta Suriyada İrana bağlı silahlı qruplar xeyli aktivləşiblər. Onlar Türkiyə hərbçilərinə qarşı provakativ əməllər törətməyə başlayıblar. Türkiyə bir az da diplomatik gücünü artırmalıdır. Onun əməliyyat planlarına qarşı olanları bitərəf etməlidir. Yalnız bundan sonra əməliyyatın gerçəkləşməsi mümkün görünə bilər”.
Xanlar Əlibəy
Medianews.az