Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Mövsümova, Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin direktoru Vüsal Məmmədov və Regional idarənin əməkdaşları Kuzey Kıbrıs Türk Cumhuriyyətinin (KKTC) Mədəniyyət Turizm və Gənclər nazirliyi tərəfindən Kuzey Kıbrıs Türk Cumhuriyyətinə dəvət olunublar.
KKTC-də “Çağdaş Müzik Dərnəyi ” ilə Bərdə Regional Mədəniyyət idarəsi arasında gələcək illərdə mədəniyyət sahəsində əməkdaşlıq memorandumu imzalanacağı haqqında razılıq əldə edilib. Həmçinin KKTC-nin yüksək vəzifəli şəxsləri ilə görüşlər nəzərdə tutulub.
Vüsal Məmmədov bizimlə söhbətində bu əməkdaşlığın gələcəkdə hər iki ölkə arasında mədəni körpü rolu oynayacağını vurğuladı:
“Bu görüşün hər iki ölkənin mədəni əlaqələrinin möhkəmlənməsində müstəsna xidmətləri olacaq. Belə ki, yaxın gələcəkdə Qarabağda birlikdə konsert proqramlarının təşkili, Kıbrısda Regional idarənin konsert proqramlarının keçirilməsi, milli-mənəvi dəyərlərin təbliği istiqamətində əməkdaşlıq müqaviləsi imzalanacaq. Regional Mədəniyyət İdarəsinin Kıbrısla ikitərəfli müqaviləsi Azərbaycanda bir ilk olacaq.
Qeyd edək ki, səfər proqramı 16-21 avqust 2022-ci il tarixlərində baş tutacaq.