“Narkotikdən istifadənin qarşısını tam almaq mümkün deyil”.
Bu sözləri Medianews.az-a “İnformasiyalı Cəmiyyət Uğrunda” İctimai Birliyinin sədri, tanınmış hüquqşünas Mehman Muradlı söyləyib. Hüquqşünas yalnız sosial şəbəkələrdə yox, repdə və meyxanada da narkotik vasitələrin təbliğatının aparıldığını vurğulayıb:
“Narkotik vasitələrin sosial şəbəkələr üzərindən təbliği və satışı ilə bağlı xəbərlərlə tez-tez qarşılaşırıq. Narkotik vasitələri istər repdə, istər meyxanada, istərsə də sosial şəbəkədə təbliğ edənlər gec-tez cəza alırlar. Satış söhbətləri bir az gizli aparıldığı üçün dərhal məlumat almaq olmur. Lakin yenə də polis orqanlarının addımları nəticəsində onların qarşısı alınır”.
Ekspertin sözlərinə görə, internet narkotik vasitələrin satışında sadəcə vasitəçi rolunu oynayıb:
“Sosial şəbəkələr olmayanda da narkotik maddələrin satışı davam edirdi. Cəmiyyət virtualda da, realda da eynidir. İstənilən halda bu sistem cinayət məcəlləsi ilə tənzimlənməlidir. Dünya artıq neçə illərdir ki, “ağ ölüm”lə mübarizə aparır. Bu təcrübə bizə göstərir ki, bunun qarşısını tam almaq mümkün deyil. İnsanlar narkotikin nə olduğunu və nə ilə nəticələnəcəyini tam şəkildə dərk etməlidir. Bunun üçün də daha çox maarrifləndirmə işləri aparılmalıdır”.
Xanlar Əlibəy
Medianews.az