Sosial şəbəkələrdə heyvanlara işgəncə verən insanların videolarının yayıldığı ilə tez-tez qarşılaşırıq. Bu cür aqressiv insanların psixologiyası və bu kimi əməllərin qanunla cəzasının nə olduğu cəmiyyət üçün maraqlıdır.
Məsələ ilə bağlı Hüquq üzrə fəlsəfə doktoru, dosent Əlövsət Allahverdiyev Medianews.az-a danışıb. Ekspert qeyd edib ki, qanunda bu cür əməllərin cəzası sərt deyil:
“Son zamanlar heyvanlarla rəhmsiz davranan insanların sayı çoxalıb. Bu da hamını narahat edir. İstənilən halda heyvanlarla qəddar davranmaq vicdansızlıqdır. Təəssüf ki, qanunda bununla bağlı cəza o qədər də sərt deyil. İnzibati hüquqpozmalar haqqında məcəllənin 274-cü maddəsində göstərilir ki, heyvanlarla rəhmsiz davranan və onların şikəst olmasına səbəb olan şəxslər 500 manata qədər miqdarda cərimə olunurlar. Heyvanlarla qəddar rəftar edən insanı 500 manat cərimə etsək də, bu islah olmayacaq”.
Hüquqşünas heyvanlara şiddət tətbiq edənlərə qarşı mübarizənin yolunu da açıqlayıb:
“Bu cür hərəkətlərin qarşısını almağın əsas yolu maarrifləndirici tədbirlərin həyata keçirilməsindədir. Əgər ailələr övladlarını heyvanlara qarşı sevgi ilə böyütsələr, nəticə belə olmaz. İnsanlar körpəlikdən hansı formada tərbiyə olunursa, sona qədər də elə davam edir. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bəzi ailələrdə uşaqların heyvanlara qarşı zorakılıq tətbiq etməyi normal qarşılanır. Uşaq böyüdükdən sonra isə cəmiyyət üçün təhlükəli olmağa başlayır”.
Mövzuya psixoloji aspektdən yanaşan psixoloq Fərqanə Mehmanqızı bildirib ki, heyvanlara işgəncə verənlərin sadist olmağında ailənin rolu var:
“Ailə övladların şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Əgər bir insan heyvanlara qarşı zorakılıq tətbiq edirsə, deməli onun uşaqlıq travmaları var. Bu da özünü aqressiya formasında göstərir. Bu cür davranışlar uşağın şəxsiyyətinin formalaşması dövründə onunla olunan rəftarın nəticəsidir. Zamanla üzərində işləməklə bu problemi həll etmək mümkündür, amma əvvəlcə ailənin üzərində işləmək lazımdır. Biz hər zaman cəmiyyətə sağlam formalaşmış şəxsiyyət vermək üçün çalışmalıyıq. Əgər bunu edə bilmiriksə, deməli bizdə problem var. Əgər bir uşaq heyvanlara qarşı aqressivdirsə, bu gələcəkdə cəmiyyət üçün daha böyük problemlər yaradır”.
Xanlar Əlibəy
Medianews.az