ABŞ-ın “Forbes” jurnalında “Rusiya Ukraynadakı müharibə zamanı “feyk nyus” (saxta xəbər) termininin məğzini kökündən dəyişib” başlıqlı məqalə dərc edilib. Novator.az-ın məlumatına görə, məqalədə Nevada ştatındakı Las-Veqas Dövlət Universitetinin tədqiqatçısı, Ukrayna əsilli Meri Blankenşipin araşdırmasından bəhs olunur.
Publika.az bildirir ki, “Tvitter”də Ukrayna müharibəsi ilə bağlı 34 milyon paylaşımı araşdıran Meri Blankenşip şəbəkədə külli miqdarda yalan məlumatın dolaşdığını müəyyənləşdirib. Tədqiqatçı bunu “informasiya çirkabı” adlandırıb.
Meri Blankenşip əvvəlcə 12 milyon “tvit”i araşdırmaq qərarına gəlib. Ancaq cəmi üç həftədə bu rəqəm üç dəfə artıb. Onun araşdırması saxta xəbərlərin meydan suladığını göstərib.
“Forbes”in yazdığına görə, tədqiqat müəllifi təəssüflə vurğulayır ki, “feyk” xəbərin əslində nə demək olduğunu dəqiq müəyyənləşdirmək də çox çətindir: “Elektron poçt ünvanı olan hər kəs “Tvitter” hesabı yarada, istədiyi fikri yaya bilər. Sadəcə olaraq “Tvitter” vaxtaşırı bəzi mətnləri ya bloklayır, ya da onların dezinformasiya ola biləcəyi barədə xəbərdarlıq edir. Amma şəbəkədə cahil, savadsız fikirlər baş alıb gedir”.
Məqalədə qeyd edilir ki, Rusiya-Ukrayna müharibəsi haqda “tvit”lərə nəzər salanda bəzən kimin doğru, kimin yalan yaydığını aydınlaşdırmaq olmur: “Meri Blankenşip Rusiyada vəziyyətin daha acınacaqlı olduğunu üzə çıxarıb. O deyir ki, bu ölkədə saxta xəbər termininin başqa anlamı var. Rusiyada Ukrayna əməliyyatını müharibə adlandıran adamı 15 il həbs cəzası gözləyə bilər. Hökumət belə yanaşma sərgiləyən istənilən adamı “saxta xəbər” yaymaqda günahlandırır. Bu isə o deməkdir ki, ölkə “feyk nyus” termininin mahiyyətini dəyişib, ona özünəməxsus bir məna verib”.