Hind okeanının dərinliklərində rast gəlinən ilbiz növləri elm aləmində həyəcan yaradıb.
Medianews.az xəbər verir ki, metal qabığı, pullu ayaqları və ilana bənzər bədəni ilə digər növlərdən seçilən ilbiz qorxulu görünüşü ilə diqqət çəkib.
İngilis Guardian qəzeti, ən maraqlı yeni növlər arasında yer alan bu ilbiz növünün okeanın çox kiçik bir hissəsində yaşadığını bildirib. Elmi adı Chrysomallon squamiferum olan və ilk dəfə 2000-ci illərin əvvəllərində müşahidə edilən ilbizi tədqiq edən Frankfurtdakı Senckenberg Tədqiqat İnstitutundan bioloq Culiya Siqvart bildirib ki, o, okeanın dərinliklərində sürünən zirehli cəngavərə bənzəyir.
Okeanın ən dərin yerlərində yaşayan bu canlı zəhərli kimyəvi maddələrin bol olduğu və 300 dərəcədən çox isti suda sağ qalır. Kimyəvi maddələri enerjiyə çevirə bilən ilbizin okeandan oksigeni və kimyəvi maddələri udmaq kimi xüsusiyyəti var. Qalın və metal qabığı sayəsində kimyəvi maddələrdən qalan kükürdü boşalda bilir və beləliklə, ölümcül zəhəri xaric edir.
Qeyd edək ki, dənizin dərinliklərində aparılan mədənçilik fəaliyyətləri səbəbindən bu maraqlı canlı nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir.
Leyla, Medianews.az