“Ermənistan bilməlidir ki, nə dünya 30 il əvvəlki dünya, nə də Azərbaycan 30 il əvvəlki Azərbaycandır”.
Bunu Medianews.az-a şərh verən millət vəkili Hikmət Babaoğlu bildirib. Deputat heç bir əsgərimizin qanının yerdə qalmayacağını vurğulayıb:
“Azərbaycan Ordusunun həyata keçirdiyi “Qisas” əməliyyatı antiterror əməliyyatıdır və regionda sülhün yaradılmasına xidmət edir. Hər bir Azərbaycan əsgəri dəyərlidir və heç bir əsgərimizin qanı yerdə qalmayacaq. Erməni terrorçuları bilməlidirlər ki, Azərbaycan ərazisini tərk etmək istəməyən hər bir silahlı quldur eyni aqibəti yaşayacaq”.
Millət vəkili antiterror əməliyyatı ilə bağlı hüquqi tərəfləri də izah edib:
“Məsələnin hüquqi tərəfinə gəldikdə isə Azərbaycanı 3 avqust əməliyyatına təşviq edən erməni təxribatı olub. Terrorçu Ermənistan dövləti bu günə qədər də 10 noyabr üçtərəfli bəyannaməsində üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. Üstəlik bəyannamənin 4-cü və 6-cı bəndlərini manipulyasiya etməyə çalışıb. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Laçınla bağlı son açıqlaması da bunun sübutudur. Bu siyasi-diplomatik təxribatdır. Bəyannamədə Rusiya sülhməramlılarının daxil olmasına paralel olaraq bütün erməni terrorçu birləşmələri Azərbaycan ərazisini tərk etməli idi. Ancaq bu günə qədər hələ də suveren ərazilərimizdə erməni silahlı quldurları var. Üstəlik sülhməramlıların arxasında gizlənərək şanlı Azərbaycan əsgərini şəhid ediblər. Azərbaycanın beynəlxalq hüquqla və Milli Konstitusiyası ilə tam haqqı var ki, öz ərazisinin hər bir qarışında suveren hüquqlarını təmin etsin. Elə 3 avqustda həyata keçirilən “Qisas” əməliyyatı da buna xidmət edib”.
Hikmət Babaoğlu Azərbaycanın dəqiq məqsədlərinin olduğunu qeyd edib:
“Bizim qarşımızda dəqiq məqsəd və vəzifələr var. Onlardan biri də münaqişəyə qədər Xankəndində, Xocalıda, Ağdərədə, Əskəranda və digər bölgələrdə yaşayan azərbaycanlıların öz evlərinə qayıtmasıdır. Bu məsələ də üçtərəfli bəyannamədə öz əksini tapıb. Üçtərəfli bəyannamənin bütün tələbləri qeyd-şərtsiz yerinə yetirilməlidir. Ermənistan kapitulyasiya aktı ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyənə qədər bu cür antiterror əməliyyatları həyata keçiriləcək. Vaxt demək olar ki, yoxdur. Azərbaycan öz ərazisində bütün hüquqlarını tətbiq edib başa çatdıracaq. Buna qarşı gələnləri isə yeni antiterror əməliyyatları gözləyir. Ermənistan bilməlidir ki, nə dünya 30 il əvvəlki dünya, nə də Azərbaycan 30 il əvvəlki Azərbaycandır. 44 günlük müharibənin dərslərini düşmən unutmamalıdır. Əks təqdirdə yeni faciələrə hazır olmalıdır”.