ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi dünən Tayvan lideri Tsai İnq-ven ilə görüşdükdən sonra Asiya turu çərçivəsində getdiyi Cənubi Koreyada Milli Assambleyanın sədri Kim Jin-pyo ilə görüşüb.
Medianews.az xəbər verir ki, regional və qlobal məsələlərə, xüsusilə də təhlükəsizlik alyansına toxunan ikili görüş zamanı Şimali Koreyanı nüvə silahından təmizləmək əzmində olduqlarını təkrarlayıblar.
Seulun qərbində, Yeouidoda Milli Assambleyada mətbuat konfransında danışan Kim, Şimali Koreyanın silah proqramına toxunaraq, “Cənubi Koreya və ABŞ beynəlxalq əməkdaşlıq, diplomatik yollarla nüvəsizləşdirmə və sülh razılaşması səylərini təşviq etmək üçün birgə işləməyə sadiqdirlər”,-deyə bildirib.
ABŞ nümayəndə heyətinin Cənubi Koreyaya səfərinin üç sütununu “təhlükəsizlik, iqtisadiyyat və idarəetmə” olaraq xarakterizə edən Pelosi, Seul-Vaşinqton əlaqələrinin bu sahələrdə çox güclü olduğunu və iki ölkənin bir-birindən çox şey öyrəndiyini vurğulayıb. Vaşinqton-Seul əlaqələrinin ABŞ üçün çox xüsusi olduğunu ifadə edən Pelosi bunun səbəbinin “illər əvvəl təcili və təhlükəsizlik qayğıları ilə başlayan münasibətin isti dostluğa çevrilməsi” olduğunu qeyd edib.
Bundan əlavə Pelosi, Rusiyanın Ukraynaya müdaxiləsi qarşısında Kiyevə verdiyi dəstəyə görə Seul administrasiyasına təşəkkür edib və dövlət başçıları arasındakı əlaqələrlə yanaşı, parlamentlər arasında ikitərəfli əlaqələri gücləndirmək istədiklərini bildirib.
Qeyd edək ki, Pelosinin Cənubi Koreyadakı görüşlərindən sonra baş nazir Fumio Kişida ilə görüşmək üçün sabah Yaponiyaya getməsi gözlənilir.
Leyla, Medianews.az