Bu sözləri Medianews.az-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev minatəmizləmə sahəsindəki irəliləyişdən danışarkən bildirib. Ekspert vurğulayıb ki, ümumi minalanmış sahələr dəqiq bilinmədiyi üçün minatəmizləmənin nə qədər çəkəcəyini dəqiq demək çətindir:
“Azərbaycanın müharibədən sonrakı prioriteti torpaqları minalardan təmizləməkdir. Bu sahə üzrə kifayət qədər addımlar atılır. ANAMA-dan əlavə 4 mülkiləşdirilmiş şirkət də təmizləmə işinə cəlb olunub. Həmçinin Müdafiə Nazirliyinin mühəndis-istehkam bölmələrinin də sayı artırılıb. Bu da təmizləmə əməliyyatlarının erkən başa çatdırılması üçün şərait yaradır. Britaniyanın təlimatçılar qismində verdiyi dəstək də davam etdirilir. Lakin görülən tədbirlər mina partlayışlarının qarşısını tam ala bilmir. Deməli, görülən tədbirlər hələ də yetərsizdir”.
Elxan Şıxəliyev mina partlayışından zərərçəkənlərin sayının azalması üçün daha çox maarrifləndirmə işlərinin aparılmasının əhəmiyyətindən də söz açıb:
“Mina partlayışından xəsarət alanlar müxtəlifdir. Bir sıra insanlar dəmir materiallarının toplanılıb satılması üçün həmin ərazilərə qanunsuz yollarla girərək zərər görürlər. Həmçinin işğaldan azad olunmuş bölgələrə səyahət edərkən marşrutlardan çıxaraq xəsarət alanlar da var. Minatəmizləmə əməliyyatlarında iştirak edən zərərçəkənlər də az deyil. Gələcəkdə işğaldan azad olunan ərazilərə köçürülən insanların intensiv hərəkətindən də partlayışlar baş verə bilər. Ermənistan silahlı qüvvələrinin mənsubları 2 istiqamətdə minalama aparıblar: Planlanmış və kortəbii şəkildə. Planlanmış minalama müharibədən də öncə xəritələr əsasında təyin edilmiş nöqtələrdə yerləşdirilib. Kortəbii minalama isə müharibə ərəfəsində erməni ordusu geri çəkilərkən kortəbii şəkildə dağlara, cığırlara minalar yerləşdiriblər. Bu təhlükədən qorunmaq üçün insanlar maarrifləndirilməlidir. Bununla zərərçəkənlərin sayını azalda bilərik”.
Xanlar Əlibəy
Medianews.az