“İndiyədək ölkəmizdə taxılçılığa çox diqqət yetirilib və ümumiyyətlə, əsas ərzaq məhsulları ilə özünütəminetmə məsələsi prioritet məqsəd və vəzifə sayılıb və sayılır. Bununla belə, hələ də kənardan asılı vəziyyətdəyik və bu fakt, daxili bazarımızı daim risk altında saxlayır”.
Bu sözləri Medianews.az-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heyərov bildirib. O, qeyd edib ki, ölkəmizi taxıl sarıdan, xüsusən ərzaq- buğda sarıdan ciddi problemlər gözləmir:
“Əvvəla, ilin əvvəlindən bəri bu məsələ hökumətin diqqət mərkəzindədir, o baxımdan ki, dünya bazarlarında gözlənilən fors-major hallarından yaxa qutarmaq və sığortalanmaq məqsədilə müvafiq ehtiyatların yaradılması qayğısına qalınmış və ölkədə hələki kifayət qədər ehtiyat məhsul təmin olunmuş durumdadır. İkincisi isə, ölkəyə ərzaq- buğda idxalı sarıdan da bugünə qədər ciddi çətinlik hələki orta çıxmayıb – yoxdur və yaxın zamanda da gözlənilmir. Biz taxılı əsasən Rusiyadan idxal edirik – alırıq.
Düzdür, Ukrayna da bu sarıdan bizim üçün mühüm mənbə idi. Eyni zamanda bu sırada Qazaxıstan da var. Bu, sadəcə olaraq, dünya bazarlarında ajiotajın yatması baxımından əhəmiyyətlidir. Amma bütün bunlara rəğmən, əlbəttə ki, biz də bir qədər uzağı düşünməli və ümumiyyətlə, taxıl, xüsusən də ərzaqlıq buğda sarıdan özümüz özümüzü təminetmə səviyyəsinin qayğısına qalmalı və buna ciddi diqqət yetirməliyik… Bu baxımdan, dövlət başçımızın imzaladığı Fərmanla ərzaqlıq buğda ilə özünütəminetməni yüksəltmək üçün bir sıra tədbirlərin nəzərdə tutulması xüsusən yerinə düşür və bu sənəd hazırda olduqca əhəmiyyət kəsb edir. Belə ki, bizdə ümumiyyətlə ərzaq təhlükəsizliyi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə məsələsinin həll tapması üçün bilavasitə taxıl problemi çözülməlidir. Düzdür, indiyədək ölkəmizdə taxılçılığa çox diqqət yetirilib və ümumiyyətlə, əsas ərzaq məhsulları ilə özünütəminetmə məsələsi prioritet məqsəd və vəzifə sayılıb və sayılır. Bununla belə, hələ də kənardan asılı vəziyyətdəyik və bu fakt, daxili bazarımızı daim risk altında saxlayır. Başqa sözlə desəm, ərzaq təhlükəsizliyi məsələsinin həll tapmadığını diktə edir. Ona görə də hökumət ölkədə taxıl istehsalı və tədarükündə məhsuldarlığı artırmağa çalışır. Bu mənada, məsələn, yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiymətinin 2022-ci il üçün 580,0 (beş yüz səksən) manat müəyyən edilməsi təqdirəlayiq haldır. Ümumiyyətlə, hesab edirəm, subsidiyaları artırmaq, yeni təsərrüfat formaları və üsulları yaratmaq, dövlət dəstəyi mexanizmlərinin daha çox stimullaşdırıcı xarakter kəsb etməsinə nail olmaq nəzərdə tutulan məqsəd və hədəfə çatmağa imkan verəcək”.
Medianews.az