İraqın paytaxtı Bağdadda hökumət binalarının yerləşdiyi Yaşıl Bölgənin qarşısına toplaşan bir qrup Sədr Hərəkatı üzvü beton maneələri aşaraq parlament binasına daxil olub.
İranın dəstəklədiyi Koordinasiya Çərçivəsinin baş nazir namizədi Məhəmməd Şiya əs-Sudaniyə etiraz edən Müqtəda əs-Sədr tərəfdarları Yaşıl Zonanın önündə toplaşıb. Onlar ətrafdakı beton baryerləri aşmağa çalışarkən təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə qarşılaşıb. Daha sonra isə bir qrup beton maneələri qıraraq ərazidəki parlament binasına basqın edib.
İraqın baş naziri Mustafa əl-Kazımi nümayişçilərə səslənərək “dövlət və özəl mülkiyyətə zərər verməməyi və Yaşıl Zonadan dərhal geri çəkilməyi” tələb edib.
Qeyd edək ki, Müqtəda əs-Sədr (1973) İraqın Böyük Ayətullahı olmuş Məhəmməd Sadiq əs-Sədrin 4-cü oğludur. Atası Məhəmməd Sadiq şiə dünyasının tanımış şəxsiyyətlərindən idi. O, və digər iki oğlu 1999-cu ildə Səddam Hüseynin hakimiyyəti dövründə Nəcəf şəhərində qətlə yetiriliblər. Müqtədanın babası Böyük Ayətullah Məhəmməd Baqir əəs-Sədr isə İraq-İran müharibəsi zamanı İranın dini başçısı Ayətullah Xomeynini dəstəklədiyinə görə, 1980-ci ildə Səddam Hüseyn tərəfindən öldürülmüşdü.