“Azərbaycanda məktəblərdə şagirdlərin hər hansı bir forma geyinməsi ilə bağlı məcburi tələb yoxdur”
Medianews.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, bu, ayrı-ayrı məktəblərin verəcəyi qərardan asılıdır:
“Əgər məktəb qərar verirsə, valideyn ona uyğun forma seçə bilər. Ancaq heç kimin səlahiyyəti yoxdur ki, məcbur etsin. Formanın mahiyyəti budur ki, hamı bərabər olsun. Heç kim ev mühitini məktəbə daşımasın, kimsə varlı-kasıb olmasına görə fərqlənməsin.
Nazirlik yoxlamayacaq ki, niyə şagird forma geyinməyib. Məktəb qərar verdikdən sonra valideynlərin ona uyğun forma seçməsi məqsəduyğundur”, – deyə nazir əlavə edib.
E.Əmrullayev onu da qeyd edib ki, məktəb direktorlarının şagirddən forma tələb etmək haqqı yoxdur.