O, 1952-ci il iyulun 26-ı Təbrizdə doğulub. Həvəskar fotoqraf kimi 14 yaşında fəaliyyətə başlayıb. 22 yaşında şah rejimi tərəfindən fəaliyyətinə görə 3 il müddətində həbs olunaraq 5 ay işgəncələrə məruz qalıb. Həbsdən çıxdıqdan sonra memarlıq təhsilini yarımçıq qoyaraq peşəkar fotoqraflığa İran İnqilabını çəkməklə başlayıb.1981-ci ildə İranda ona qarşı təzyiqlərə dözməyib Fransaya köçüb. Azərbaycana ilk səfəri 1987-ci ildə olub. O, XX əsrin sonunda Azərbaycanın başına gələn müsibətləri – 20 Yanvar hadisələrini, Xocalı soyqırımını, Birinci Qarabağ müharibəsini, həmçinin, İkinci Qarabağ müharibəsindəki bir çox anları qeydə alaraq həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayıb.
Bu gün isə sənətkarın 70 yaşı tamam olur. Ötən gün də Azərbaycan əsilli fransız fotoqraf Reza Degati Prezident İlham Əliyev tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasındakı çoxillik səmərəli fəaliyyətinə görə “Dostluq” ordeni ilə təltif edildi.
Bu gün 70 yaşını qeyd edən, Azərbaycan həqiqətlərini dünyaya bəyan edən məşhur fotoqraf Reza Degati təəssüratlarını Medianews.az-a bölüşdü:
“Azərbaycanın Ali Baş Komandanı, Cənab Prezident tərəfindən “Dostluq” ordeni ilə təltif olunmaq məni çox sevindirdi. Bu ad mənə Azərbaycan xalqının mükafatı idi. Onlar mənim əməyimi qiymətləndirib, məni bu qədər sevməsəydilər yəqin ki, bu ordenə layiq bilməzdilər. Bu gün mənim 70 yaşım tamam olur. Yaradıcılığımın isə 50 yaşı. Bu yaşıma qədər ən byü arzujm o olub ki, bütün millətlərin arasında doqtluq, sülh elçisi olum. Hər zaman da çəkdiyim fotolarla, etdiyim layihələrə də dünyaya sülh mesajı verməyə cəhd etmişəm. Bu gün isə Azərbaycan dövlət başçısı tərəfindən ordenlə mükafatalandırılmışam. Təbii ki, bu da məni daha da ruhlandırır, həvəsləndirir. Mən də çalışacam ki, bundan sonra da daha həvəslə çalışım. Məni bu ada layiq görən hər kəsə təşəkkürümü bildirirəm”.
Biz də Medianews.az-ın kollektivi adından Reza Degatiyə uzun ömür, can sağlığı, yaradıcılığında müvəfəqiyyətlər arzu edirik.
Medianews.az