Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda taxıl dəhlizinin yaradılmasına dair sazişin imzalanacağına ümid etdiyini bildirib.
Onun sözlərinə görə, bu hadisə dünya ictimaiyyəti üçün şad xəbər olacaq.
“Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə tezliklə imzalanacağına ümid etdiyim taxıl ixracı sazişi dünya ictimaiyyəti üçün mühüm və yaxşı xəbər olacaq”, – Türkiyə lideri bildirib.
Müqavilənin imzalanma mərasimi Bakı vaxtı ilə saat 17:30-da İstanbulun Dolmabaxça sarayında baş tutacaq. Tədbirdə Türkiyə Prezidenti və BMT-nin baş katibi Antonio Quterreş iştirak edəcək. Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bu gün Qara dəniz limanlarından Ukrayna taxılının daşınmasına dair saziş imzalamaq üçün İstanbula gəlib.