Avropa həddindən artıq istilərin təsiri altındadır. Almaniyadakı isti dalğası həyata mənfi təsir edir. Bu gün ölkədə havanın temperaturu 40 dərəcəyə çatdıqdan sonra ilin ən isti günü qeydə alınıb.
Medianews.az xəbər verir ki, Almaniya Meteorologiya Xidməti (DWD) ölkədə havanın temperaturunun normadan artıq olması və quraqlıq səbəbindən meşə yanğınlarının baş verə biləcəyini açıqlayıb. Mütəxəssislər ekstremal temperaturun iqlim dəyişikliyi ilə bağlı olduğunu bildirərək, vətəndaşlara bol maye qəbul etmələri barədə xəbərdarlıq ediblər.
Məlumata görə, Almaniya Dəmir Yolları həddindən artıq istilər səbəbindən sərnişinlərinə pulsuz su paylamağa başlayıb. Bildirilir ki, bir çox peşəkar və həvəskar futbol komandalarının məşqləri ləğv edilib.
Qeyd edək ki, Almaniyada 25 iyul 2019-cu ildə Aşağı Saksoniyanın Lingen şəhərində 42,6 dərəcə ölçülən temperaturla rekord qırılıb.
Leyla, Medianews.az