ABŞ-ın ən çox axtarılanlar siyahısında olan meksikalı narkobaron Rafael Karo Quintero Meksikanın qərbindəki Sinaloa əyalətində həbs edilib.
Medianews.az xəbər verir ki, Quintero 1985-ci ildə Amerika agenti oğurlamaq, işgəncə vermək və öldürməkdə ittiham olunur.
Meksika Hərbi Dəniz Qüvvələri 69 yaşında olduğu güman edilən narkobaronun Max adlı xüsusi təlim keçmiş it tərəfindən gizləndiyi kolların arasından tapıldığını açıqlayıb. Birləşmiş Ştatlar Quintero-nun dərhal deportasiyası üçün işlərə başlayacağını bildirib.
Quintero “Guadalajara” kartelinin üç yaradıcısından biridir. O, Amerika Narkotiklərlə Mübarizə Agentliyinin (DEA) agenti Enrike Kamarenanın qətlinə görə 28 il həbs cəzası çəkib. ABŞ-Meksika münasibətlərində gərginliyə səbəb olan qətl daha sonra Netflix-in Narcos: Mexico serialında təsvir edilib.
2013-cü ildə Meksika məhkəməsi Quinteronun 40 illik cəzasını qısaldıb və həbsdən azad edilib. Qərara alınıb ki, Quintero federal deyil, ştat məhkəməsində mühakimə olunmalıdır. Qərar daha sonra Ali Məhkəmədə ləğv edilsə də, Quintero qaçaraq gizlənib.
Qeyd edək ki, ABŞ rəsmiləri Quinteronun tapılması üçün 20 milyon dollarlıq mükafat etmişdi. Quintero artıq beynəlxalq narkotik ticarətində böyük bir ad hesab edilməsə də, onun həbsi simvolik əhəmiyyət kəsb edir.
Medianews.az