Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə genişmiqyaslı müharibənin 141-ci gününün sonunda videomüraciət yayıb.
Medianews.az xəbər verir ki, Zelenski bu çıxışı zamanı vurğulayıb ki, bu gün Rusiyanın rəsmən terrorçu dövlət kimi tanınmalı olduğunu bir daha sübut olunub.
Dövlət başçısı qeyd edib ki, Rusiya Federasiyası məhz Haaqada Rusiyanın hərbi cinayətlərinə dair konfrans keçirilən zaman Vinnitsaya xaincəsinə zərbə endirib. O bildirib ki, digər obyektlərlə yanaşı, ruslar tibb məntəqəsini də vurub.
“Dünyanın heç bir dövləti Rusiya qədər terror təhlükəsi yaratmır. Dünyanın heç bir dövləti imkan vermir ki, hər gün qanadlı raketlər və raket artilleriyası ilə dinc şəhərləri, sadə insanların həyatını məhv etsin.
Vinnitsa şəhərimizə yalnız bir raket hücumu nəticəsində 23 nəfər həlak oldu. Onlar arasında on yaşından kiçik üç uşaq da var. Və bu, təəssüf ki, hələ son rəqəm deyil. Dağıntıların təmizlənməsi davam edir. Onlarla insan itkin düşənlər siyahısındadır. Xəstəxanaya yerləşdirilənlər arasında ağır yaralananlar da var. Birdən kimsə Dallasda və ya Drezdendə tibb mərkəzini vursa, bunun adı nə olardı? Bu terror deyilmi?”,-deyə Ukarayna prezidenti bildirib.
Leyla, Medianews.az