Real TV-nin rəhbəri Mir Şahin sosial şəbəkə hesabından həmkarlarına səslənib. O, çıxışında intihar xəbərlərinin mediada yayımlanmasına öz etirazını bildirib.
Qeyd edib ki, hər şey media nümayəndələrinin əlindədir və onlar maksimum dərəcədə diqqtəli olmalıdır: “İntihar xəbərlərini paylaşmaqla daha böyük özünüqətl imkanları, müstəvisi yaradırsınız. Media intihar xəbərlərini ictimailəşdirməməlidir. Belə məlumata malik olanlar dərhal müvafiq qurumlara müraciət etməlidir. Polisə, təcili yardıma, FHN-ə. Amma heç bir halda mediaya, sosial şəbəkələrə yox! Belə xəbərlər bir qayda olaraq yoluxucu səciyyə daşıyır!”.
Bəs görəsən, kriminal hadisələrin, qətl və intiharların KİV-də tirajlanması məqbul sayılırmı? Real TV-nin rəhbəri bu fikirləri ilə nə qədər haqlıdır?
Bizimyol.info saytının baş redaktoru Bahəddin Həzi mövzu ilə bağlı Medianews.az-a açıqlamasında belə hallarda redaksiyanın, jurnalistin, redaktorun lazım bildikdə hüquqşünasla, psixoloqla məsləhətləşməsinin uyğun olduğunu bildirdi: “Biz qətlləri, avtoqəzada, yaxud ev qəzasında, eləcə də, başqa şəraitlərdə ölüm hallarını xəbər olaraq yayırıq. Eləcə də, intihar haqqında xəbərləri. Ancaq burada incə bir nüans var. Əvvəla, qətlə görə təqsirkarlar cəza alır. Bu, həmin əməlin hüquqi qiymətidir. Avtoqəzalarla da bağlı həmçinin. Məişət qəzaları zamanı kənar təsir faktorları da araşdırılır. Orada da kənar bir şəxsdə və ya şəxslərdə təqsir elementləri araşdırılır. Çünki qəza görüntüsü verilən hadisələr də olur. İntihar bir az fərqli məsələdir: özünü öldürən insanın ölümünə görə məsuliyyət daşıyan hər zaman olmur. Əgər özünü öldürmə həddinə çatdırma əməlinin əlamətləri yoxdursa. İnsan özü ilə təkdir və belə bir niyyəti varsa, onu hər zaman həyata keçirə bilər. Bu üzdən cəmiyyətin məlumat almaq hüququ ilə insanın öz həyatına könüllü son qoymasını stimullaşdırmaq arasında münaqişə var hər zaman. Bəzi problemlər var ki, o haqda yazanda problem daha da böyüyür. Ancaq hesab edirəm ki, intihar haqqında xəbərlər verilsə belə, şərait, motivlər, təfərrüat qabarıq olmamalıdır. Xüsisilə, bu, uşaqlara və bu kimi həssas kateqoriyalara da aiddir. Qazilərlə bağlı məsələ isə ayrıca həssasdır. Bu haqda xəbər verməmək mümkün deyil, təfərrüatı çox qabartmaq düzgün deyil. Xüsusilə də, intihar edəcəyini deyən adamı canlı çəkirsən, nəinki intihara mane olursan, əksinə, onu dəstəkləyirsən, həmin əməli bəlkə də sən qətiləşdirirsən. Adam canlı çəkilişdə özünü öldürəcəyini deyibsə və bu video yayılıbsa, o,artıq geri durmaqda, qərarından dönməkdə çətinlik çəkər. Bəlkə fikrini dəyişəcəkdi. Odur ki, o fikirlə razıyam ki, bu kimi mövzularda fövqəladə diqqətli olmaq lazımdır”.
Əməkdar jurnalist Qulu Məhərrəmli isə bizimlə söhbətində media üçün qadağan olunmuş mövzu anlayışının olmadığını bildirdi: “Media hər şeyi işıqlandıra bilər, o cümlədən də intihar hadisələrini. Məsələ burasındadır ki, bizim nə media, nə cəmiyyət, nə də ayrı-ayrı fərdlər heç bir hadisələrdə yanaşma tərzlərində ölçü gözləmirlər. Media nümayəndələri intihar məsələlərini o qədər dəbdəbəli, cazibədar, gərəkli bir iş kimi təqdimq edirlər ki… O mənada mən Mir Şahinin fikirləri ilə razıyam ki, qazi məsələləri, onların intihar xəbərləri işıqlandıranda həddindən artıq ehtiyatlı və diqqətli olmalıyıq. Ölçüb- biçməli, düşünməliyik ki, bu mövzunu necə işıqlandıraq ki, cəmiyyətin qınağına tuş gəlməyək. Yaxşı media odur ki, qazilərin problemlərini işıqlandırır. Bürokratiyaya yol verən nazirləri, bu işə məsul olan şəxsləri ictimai qınağa cəlb edirsən. Bu, media üçün önəmlidir və media bunun üzərinə işıq salsın. Yoxsa biz intihar xəbərlərini o qədər şou şəklində işıqlandırırıq ki, problem ondan başlayır. O mənada, bəli, Azərbaycan cəmiyyəti indi çox həssas dövrünü yaşayır. Elə insanlar var ki, onlar bu məsələdə humanizm prsinispləri ilə deyil, öz mövqelərindən çıxış edirlər, bu həssasllıqlarını itirmiş vəziyyətdədilər. Ona görə bu mözvulara media diqqət yetirməlidir, problemləri göstərməlidir. Bu işlər də statistik olaraq işıqlandırılmalıdır. Bu baxımdan, mediamız qazilərin problemlərinə sayqı ilə yanaşmalıdır. İntiharları cazibədar şəkildə işqılandırmamalıdır”.
Xəyalə Rəis
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.