1 yanvar 2021-ci il tarixindən etibarən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlardan, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılıb.
Uzun müddətdir ki, ölkədə icbari tibbi sığorta xidməti tətbiq edilsə də hələ də vətəndaşlar üçün qaranlıq qalan suallar və bəzi anlaşılmayan məsələlər var. Bunlardan biri də rayon qeydiyyatında olan vətəndaşların əməliyyata ehtiyacının yaranması ilə bağlıdır. Belə ki, vətəndaş rayon qeydiyyatıdırsa, Bakıda əməliyyat olunmaq istəyirsə, mütləq qeydiyyatda olduğu rayondan göndəriş almalıdır. Vətəndaşlar isə bildirirlər ki, bu səbəbdən xəstəxanalardakı mənzərə ürəkaçan deyil. Hamı növbə gözləyir ki, göndəriş verilsin. Vəziyyəti ağır olan, təcili əməliyyata ehtiyacı olan insanlar isə bu növbələr səbəbindən daha da çətin hala düşürlər.
Maraqlıdır, belə hallarda hansısa istisnalar nəzərə alınırmı?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Medianews.az saytının sorğusuna cavab olaraq bildirib ki, vətəndaşlar Poliklinika/Ailə Sağlamlıq Mərkəzləri istisna olmaqla, yaşadıqları və qeydiyyatda olduqları yerdən asılı olmayaraq icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən yararlanmaq üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə ixtisaslaşdırılmış ambulator yardım üçün (ixtisaslı həkim – kardioloq, uroloq, oftalmoloq, endokrinoloq və s. – müayinəsi) şəxsiyyət vəsiqələrini təqdim etməklə müraciət edə bilərlər.
“Bu tibb müəssisələrinə rayon/şəhər mərkəzi xəstəxanaları, müalicə-diaqnostika mərkəzləri, birləşmiş şəhər xəstəxanaları, birləşmiş uşaq xəstəxanaları, şəhər klinik xəstəxanaları, vərəm əleyhinə tibb müəssisələri, habelə Kliniki Tibbi Mərkəz, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və s. tibb müəssisələri aiddir. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələri ilə linkə daxil olaraq tanış ola bilərsiniz: https://its.gov.az/files/9/TEBIB%20SIYAHI.pdf “
Qeyd edilən tibb müəssisələrində də vətəndaşlar istənilən ixtisaslı həkimin müayinəsindən keçə bilər və Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərdən ödənişsiz yararlana bilərlər.
Vətəndaşa hər hansı tibbi xidmətin göstərilməsi müraciət etdikləri tibb müəssisəsində mümkün olmasa, bu zaman ixtisaslı həkim tərəfindən TƏBİB-in tabeliyindəki digər dövlət tibb müəssisəsinə və ya Agentliyin müqavilə bağladığı 57 özəl tibb müəssisəsindən birinə göndəriş verilə bilər.
Sığorta olunanlara tibbi xidmət gözləmə müddəti ərzində həyata keçirilir.
İxtisaslı ambulator xidmət üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq;
İnstrumental diaqnostik və laborator müayinələr üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq;
Koxlear implant sisteminin və oynaqdaxili endoprotezlərin yerləşdirilməsi istisna olmaqla, planlı stasionar tibbi yardım üçün sığortaolunana göndəriş verildiyi tarixdən 20 gündən gec olmayaraq.
Təcili və təxirəsalınmaz hallarda, sığortaolunana tibbi yardım tibbi göstərişə əsasən dərhal göstərilir”,-deyə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Leyla