ABŞ hökuməti Yaxın Şərqdəki silahlı qüvvələrinin son vaxtlar tez-tez Rusiya və İranın təxribatçı və təhlükəli davranışları ilə üzləşməsindən narahatdır.
KAİM.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Nəşr bildirib ki, ABŞ iyun ayında Pentaqonun “təxribatçı addım” kimi qiymətləndirdiyi Rusiya və İranın bir neçə belə təhlükəli və qeyri-peşəkar davranışını qeydə alıb. Xüsusən də Rusiya hərbi təyyarələrinin Suriyanın hava məkanında ABŞ aviasiyasına təhlükə yaratdığı deyilib.
Qəzet ABŞ-ın dəstəklədiyi silahlı birləşmələrin Ət-Tanf hərbi bazasının yaxınlığında yerləşən düşərgəsinə iyunda hava hücumunun edildiyinə də diqqət çəkib. Nəşrin həmsöhbətinin sözlərinə görə, Rusiya təxminən 35 dəqiqə ərzində bu barədə ABŞ hərbçilərini xəbərdar edib.
Hava hücumunda ABŞ silahlı qüvvələrinin şəxsi heyətindən heç kim xəsarət almayıb, amma Ağ Ev Rusiyanın belə davranışlarını “regionda hökmranlığı gücləndirmək cəhdi” kimi qiymətləndirir.