Fevral ayından başlayan Rusiya-Ukrayna müharibəsi hələ də davam etməkdədir. Hər iki tərəfin bir-birinə vurduğu zərərlər, itkilər çoxaldıqca vəziyyət daha da gərginləşir.
Son olaraq Ukraynanın Belqorod şəhərinə hücumu Rusiyanın qəzəbinə səbəb olub. Belə ki, Rusiya Kiyev və onun Qərb kuratorlarını hədələyib.
Maraqlıdır, bundan sonra hadisələr necə cərəyan edəcək? Tərəflərin müharibəni bitirməsi yaxın, yoxsa uzaq görünür?
Mövzu ilə bağlı Gundem.az-a danışan politoloq Tural İsmayılov Ukraynanın Belqorod şəhərinə hücumunu Rusiyanın işğalçılıq siyasətinə adekvat cavab kimi qiymətləndirib. T.İsmayılov Ukraynaya göstərilən dəstəkdən də danışıb:
“Rusiyanın əsas məqsədlərindən biri Donetsk və Luqanska nəzarəti tam olaraq ələ keçirməkdir. Rusiya Müdafiə Naziri Sergey Şoyqu Luqanskın tamamilə Rusiyanın nəzarətinə keçdiyi ilə bağlı Putinə raport versə də, Ukrayna tərəfi hələ də sözügedən ərazinin bir çox bölgələrinə nəzarət etdiyini vurğulayıb. Bu baxımdan Ukraynanın silahlandırılması, ABŞ, NATO və Avropa Birliyindən böyük yardımların edilməsi Rusiya aqresiyasına qarşı Ukraynanın müqavimət və müdafiə imkanlarını daha da gücləndirmiş olur. Bütün bunların fonunda Rusiya Ukraynanın şəhərlərinə hücum etdiyi kimi, Ukrayna da Belqorod şəhərində Rusiyaya qarşı cavab tədbirləri həyata keçirir”.
Ekspert müharibənin qızğın fazaya keçəcəyini də sözlərinə əlavə edib:
“Yaşanan hadisələr yay aylarında da müharibənin qızğın keçəcəyini söyləməyimizə əsas verir. Ukrayna tərəfi hazırda müharibənin bitməsini istəyir. Lakin Rusiyanın tələb etdiyi şərtlər Ukrayna dövlətçiliyi baxımından qəbul edilməzdir. Bu səbəbdən Ukrayna sonuna qədər müqavimət göstərəcək. Ümumilikdə Rusiya-Ukrayna savaşının illərlə davam edəcəyini düşünürəm. Bütövlükdə isə bu müharibənin iqtisadi fəsadlarını yalnız Rusiya və Ukrayna deyil, bütün dünya ölkələri hiss edəcək“.