NATO üzvləri müharibədən sonrakı bərpa işlərində Ukraynaya kömək edəcəklərini bəyan ediblər.
Medianews.az xəbər verir ki, Çərşənbə günü Madriddə blokun sammitində qəbul edilən bəyannaməyə əsasən, NATO üzvləri Ukraynaya müharibədən sonrakı yenidənqurma və islahatlarda kömək edəcəklər.
“Biz yaxın tərəfdaşımız Ukraynanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyə davam etdiyi üçün ona siyasi və praktiki dəstəyi davam etdirəcəyik və onu daha da gücləndirəcəyik. Ukrayna ilə birgə gücləndirilmiş dəstək paketi haqqında qərar qəbul etdik. Müdafiə avadanlığının çatdırılması, Ukraynanın kibermüdafiəsini və dayanıqlığının yaxşılaşdırılması və uzunmüddətli qarşılıqlı fəaliyyətin gücləndirilməsinə keçid zamanı onun müdafiə sektorunun modernləşdirilməsinə dəstək verəcəyik. Yenidənqurma və islahatlarda kömək olacağıq”, – sənəddə deyilir.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Donbass respublikalarının rəhbərlərinin müraciəti əsasında xüsusi hərbi əməliyyat elan edib. Rusiya lideri vurğulayıb ki, Moskvanın Ukrayna ərazilərini işğal etmək planı yoxdur və məqsəd ölkəni demilitarizasiya və denazifikasiya etməkdir. Buna cavab olaraq Qərb Rusiyaya qarşı böyük sanksiyalar tətbiq etdi. Bundan başqa, Qərb ölkələri hazırda ümumi dəyəri milyardlarla dollarla qiymətləndirilən Kiyevə silah və hərbi texnika verməyə başlayıb.
Zərif Ülvizadə
Medianews.az