“Bu gün ölkəmizdə İslam Turizm nazirlərinin 11-ci sessiyası öz işinə başlayıb. Artıq iki gündür ki, tədbir davam edir və nazirlər səviyyəsində görüşlər keçirilir. Bu tədbir Azərbaycan üçün əlamətdar hadisədir”.
Medianews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib.
Qurum rəsmisi bildirib ki, İslam ölkələrinin əksəriyyəti bu gün burdadır və ölkələrimizarası əlaqələri və həmçinin turizm münasibətlərinin formalaşdırılması, qurulması baxımdan keçirilən tədbir olduqca böyük əhəmiyyət kəsb edir: “Hər zaman İslam ölkələri ilə Azərbaycan arasında həmrəylik, qarşılıqlı əməkdaşlıq yüksək səviyyədə olub. Bu tədbir də həmin münasibətlərin bir göstəricisidir. Bu gün yekun olaraq iki sənədin qəbul edilməsi nəzərdə tutulub. Biri “Bakı deklorasiyası”, digəri isə “Bakı Bəyannaməsidir”. Hər iki sənəd Azərbaycanın haqq səsi kifayət qədər açıq şəkildə göstərilib və İƏT-na üzv ölkələr işğaldan azad olunmuş ərazilərə investisiya yatırılmasına, həmçinin turizm infrastrukturunun formalaşdırılmasında yaxından iştirak etməyə dəvət olunublar”.
K.Qasımov vurğulayıb ki, sözügedən sənədlərlə eyni zamanda Ermənistanın işğalçı siyasəti və bu siyasətlə ölkə turizminə dəyən zərər açıq şəkildə bəyan olunur: “Hesab edirəm ki, bu cür həmrəylik nəticəsində İslam ölkələrindən olan vətəndaşların Azərbaycana gəlişinə töhfə verəcək. Bu da Azərbaycanda turizmin daha da inkişafı üçün rol oynayacaq”.