“Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfərləri bir sıra əlamətdar hadisələrlə yadda qaldı və mahiyyət etibarilə, cənab Prezidentin iştirak etdiyi bütün açılış və təməlqoyma mərasimləri Azərbaycanın işğaldan azad etdiyimiz əraziləri tez bir zamanda bərpa etmək potensialında olduğunu, ölkəmizin gücünü, Ali Baş Komandanın qətiyyətini nümayiş etdirir”.
Bu fikirləri Medianews.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli bildirib. O, Ermənistana ünvanlanmış mesajlar haqqında da danışıb:
“Dövlət başçısının qarşılıqlı münasibətlərin perspektivi baxımından müəyyənləşdirdiyi istiqamətlər bölgədəki reallıqlar əks etdirir və Ermənistan üçün bu reallıqları qəbul etməkdən başqa alternativ yoxdur. Prezident İlham Əliyev Kəlbəcərdəki hərbi hissənin açılışında bildirdi ki, “müharibədən keçən il yarım ərzində biz gecə-gündüz çalışmışıq ki, ordumuzu daha da gücləndirək və müasir silahlarla təchiz edək, sərhəd boyunca bütün əlverişli mövqelərə sahib olaq, yerləşək və buna nail olduq”.
Politoloq qeyd etdi ki, cənab Prezidentin Azərbaycan ordusunun sərhəd boyunda bütün əlverişli mövqelərə sahib olması barədə fikirlərinə xüsusi diqqət yetirmək lazımdır: “Bu o deməkdir ki, Ermənistan sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı manipulyativ davranışlarını, pozucu hərəkətlərini davam etdirəcəyi təqdirdə, Azərbaycan ordusu öz mövqelərini yaxşılaşdırmağa davam edə bilər. Və bunun Ermənistan üçün hansı nəticələr verə biləcəyini ermənilər, yaxşı başa düşürlər. Necə də olsa, son ilyarım ərzində “təcrübə” qazanıblar”.
Elçin Mirzəbəylinin sözlərinə görə, Prezident İlham Əliyevin revanşçılarla bağlı söylədiklərini ermənilər qulaqlarında sırğa etməlidirlər: “44 günlük müharibə dövründə Xankəndiyə gələn, qısa bir müddətdən sonra qaçıb İrəvanda gizlənən Köçaryan, Sarkisyan və digərləri unutmamalıdırlar ki, iddialarını davam etdirəcəkləri təqdirdə qaçmağa yerləri olmayacaq. Hara getsələr başlarının üzərində dəmir yumruğu görəcəklər. Ermənistan cəmiyyətində hələ də Azərbaycan ərazilərinə göz dikənlər isə başa düşməlidirlər ki, eyni aqibət onları da gözləyə bilər. Azərbaycan bundan sonra ərazi bütövlüyünə, təhlükəsizliyinə təhdid ehtimalının yaranmasına belə imkan verməyəcək və dərhal önləyici tədbirlər görəcək”.
Zərif Ülvizadə
Medianews.az