Bu gün Bakıda Turizm nazirlərinin İslam Konfransının 11-ci sessiyası öz işinə başlayıb.
Medianews.az xəbər verir ki, “Turizmin İnkişafında Yerli İcmaların Rolu” mövzusunda keçirilən iclasda “Turizmin inkişafı üzrə İƏT çərçivə sənədi”nin icrası və “İƏT-ə üzv dövlətlərdə İslam turizminin inkişafı üzrə Strateji Yol Xəritəsi”nin həyata keçirilməsi kimi məsələrlə yanaşı, üzv ölkələrdə turizm infrastruktur layihələri, birgə turizm tədqiqatları və təbliğat tədbirləri, turizm sərgiləri üzrə əməkdaşlıq, İslam mədəniyyəti və irsi üzrə turizmin inkişafı kimi məsələlər müzakirə olunub, müxtəlif ölkələrin turizm təcrübəsi haqqında təqdimatlar edilib.
Həmçinin təşkilata üzv ölkələrin turizm nazirlərinin görüşündə isə növbəti konfransın keçiriləcəyi tarix və yer,eləcə də 2023-2024-cü illər üzrə İƏT-in “Turizm Şəhəri Mükafatı”na namizədlər müəyyənləşdiriləcək, konfransın yekun qətnaməsinin layihə sənədi və Bakı bəyannaməsi qəbul ediləcək.
Qeyd edək ki, konfransda təşkilatın Baş katibi Hissein Brahim Taha, təşkilata üzv dövlətlərin turizm nazirləri və nazir müavinləri, səfirlər, İƏT-in 7 alt institutu olan beynəlxalq təşkilatların təmsilçiləri, dövlət rəsmiləri və ekspertlər daxil olmaqla 39 ölkədən 160-dan artıq nümayəndə iştirak edir. Həmçinin konfrans iştirakçılarının iyunun 29-da Şuşa şəhərinə səfəri nəzərdə tutulur.
Xatırladaq ki, 2018-ci ilin 5-7 fevral tarixlərində Banqladeş Respublikasının Dəkkə şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Turizm Nazirlərinin 10-cu konfransı çərçivəsində Azərbaycanın növbəti sessiyasının keçirilməsi üçün namizədliyi təsdiqlənib və Qəbələ şəhəri 2020-ci il üzrə “İslam dünyasının turizm paytaxtı” seçilib.
Daha əvvəl Azərbaycan 2006-cı ildə təşkilata üzv ölkələrin Turizm Nazirlərinin 5-ci Konfransına ev sahibliyi edib.