Artıq daha bir təhsil ilinin sonuna çatdıq. 11-ci sinif şagirdləri üçün qəbul imtahanları yaxınlaşır. Lakin illərdir şagirdlərin imtahanlardan zəif nəticələr əldə etdiklərinin şahidi oluruq. Kurikulum təhsil sistemi ilə imtahan verən şagirdlərin balları ənənəvi təhsillə imtahan verənlərdən azdır. Hər il də bu ballar düşməkdə davam edir. Belə çıxır ki, şagirdlər savadsızlaşıb?
Mövzu barədə Medianews.az-a danışan sosioloq Lalə Mehralı bildirdi ki, sanki uşaqlar üzərində sınaq tətbiq edilir:
“Bu sistemlər, hansı ki, əvvəl baloniya, sonra kurikulum sistemi təhsilimizə tətbiq olunur, indi də məktəbəqədər kurikulum sistemi ləğv olundu, ənənəvi təhsilə keçilir. Sanki uşaqların üzərində pilot proqram kimi təcrübə proqramları tətbiq edirlər. Effekt versə, nə əla, verməsə, də eybi yoxdur. Axı eybi yoxduların nəticəsi bu gün uşaqların ali məktəbə qəbul nəticələrində özünü göstərir. 200 balla ali məktəbə qəbul etmək o deməkdir ki, 2-3 alan uşaqlar belə ali məktəbə qəbul ola bilir. Yəni bəzi ixtisaslarda ballar o qədər azaldılır. Əslində, təhsilin səviyyəsi kurikulumla qaldırılmağa cəhd edilsə də, kurikulum təhsilə, həm müəlim heyyətinə, həm də şagirdlərə olduqca böyük zərbə vurdu”. Ekspert dedi ki, kurikulum sisteminin tətiqində müəllimlərin çox böyük zəhməti var: “Həmçinin, bu sistem onlara olduqca ağırdır. Çünki kurikulum sistemini öyrənmək özü olduqca uzun müddət, vaxt tələb edir. Orta yaşdan yuxarı müəllimlər üçün bu sistemi öyrənmək bir növ əziyyətdir. Düzdür, ali məktəbi bitirib yeni müəllimliyə başlayan üçün asandır. Çünki o sistemi sıfırdan öyrənərək başlayır. Amma uzun illər əvvəlki ənənəvi sistemlə təhsil verən müəllimlər üçün bu yeni sistemi öyrənmək, tətbiq etmək, əməl etmək əziyyətdir. Əgər əziyyətə dəyəcək bir sistem olsaydı, uşaqların nəticələri yüksək olsaydı, təhsildə güllük, gülüstanlıq olsaydı, müəllimlər özləri də deyərdi ki, eybi yoxdur, əziyyət çəkirik, amma nəticəsini görürük. Axı müəllimlərin əksəriyyəti sistemin yararsızlığından, nəticə vermədiyindən şikayət edir. O zaman bunu tətbiq etməyin nə mənası var”. Lalə Mehralı qeyd etdi ki, effekti olmayan təhsilin tətbiqinə ehtiyac yoxdur: “Hələ builki statistika verilməyib. Builki imtahanlar bitəndən sonra statistika elan olunacaq. Şagirdlərin ümumi balına nəzərən ortalama bilinir. Amma ümumi müşahidələrimdən, təhsil qruplarında, təhsil ekspertləri ilə söhbət zamanı, valideynlərin dediklərindən görürəm ki, uşaqlar olduqca aşağı nəticə göstərir. Uşaqların əksəriyyəti 250-300 bala ümumiyyətlə çata bilmir. Bu il heç 700 bal toplayan olmadı. 680-ə qədər bal toplayan oldu. Demək ki, effekti olmayan bir sistemdir. Tətbiqinə israrçı olmağın mənası yoxdur. Ənənəvi təhsil sistemi nəyimizə yetmirdi? Çox gözəl, peşəkar mütəxəssislərimiz, yaxşı pedaqoq, həkimlərimiz yetişirdi. Kurikulumu tətbiq etməklə 4-ü 9 etmək olmur. Bunu israrla etməyə çalışmaq anlaşılmır”.
Zərif Ülvizadə
Medianews.az