Yay mövsümü ilə əlaqədar televiziyalar da yayım siyasətini bir qədər dəyişib. Bu təkcə Azərbaycanda yox, dünya praktikasında da belədir. Nəzərə alsaq ki, yay tətil mövsümüdür, elə ona görə də proqramların rəng çalarlarından tutmuş məzmunlarına qədər fəslin abu-havası hiss olunur. Bəs televizyalar yay mövsümünə necə hazırlaşır?
Mövzu barədə Medianews.az-a danışan tanınmış aparıcı Turan İbrahimov bildirib ki, yayda daha çox ötən sezonun proqramlarının təkrarları verilir: “Dünya praktikasında televiziyalarda yay mövsümü iyunun sonu başlayır. Yəni iyun ayının sonuncu həftəsindən etibarən köhnə yayım dönəmi bitir, məzuniyyətlər başlayır və 2 ay müddətində efir yay üçün nəzərdə tutulan verilişlərlə təmin olunur. Bu verilişlər də adətən geridə qalan sezonunun çox baxılan, izlənilən verilişlərin, serialların təkrarları olur. Yaxud da sırf yay üçün nəzərdə tutulmuş az büdcəli proqramlar hazırlanır”.
Aparıcı qeyd edib ki, bizim televiziyalarda artıq yay mövsümü başlayıb: “Hazırda bizim özəl televiziyalar da sözügedən praktikadan istifadə etməklə yayım siyasətini aparır. Yerli televiziyalarda təkrar proqramların getməsi, yüngül, az büdcəli verilişlərin hazırlanması elə onun göstəricisidir ki, yeni yayım dönəminə qədər hazırlıq prosesində efirin doldurulması nəzərdə tutulur. Bu da normal qaydadır”.
T.İbrahimov əlavə edib ki, büdcənin az olması səbəbindən yeni layihələr də buna adekvat olaraq kiçik büdcələrlə hazırlanır: “Dünyanın hər yerində yayda televiziya az izlənir. Ona görə də reklamverənlərin televiziyaya marağı azalır. Kim deyirsə ki, Azərbaycan televiziyaları yay yayım dönəminə girməyib, bu yanlış məlumatdır. Bu ay artıq köhnə yayım dönəminin son ayıdır”.
Zərif Ülvizadə
Medianews.az