Millət vəkili Fazil Ağamalının gilasın qiymətinin baha olması və onu almaq üçün imkanını olmadığını deməsi sosial şəbəkələrdə müzakirə mövzusu oldu. Onun bu açıqlaması cəmiyyətdə lağlağı obyketinə çevrildi. Nədənsə deputatlara qarşı bilinməyən bir aqresiyya var. Deputatlar xalqın tərəfini saxlayan fikirlər səsləndirsələr də onlara qarşı müsbət fikirlər söylənilmir. Bəs görəsən buna səbəb nədir?
Mövzu barədə Medianews.az-a danışan Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov bildirdi ki, deputatların səsləndirdiyi fikirlər yalandır:
“İnsanlar tanıyır ki, bu deputat kimdir, nəçidir, necə seçilir. Guya ki, xalqın tərəfin tuturlar. Bunlar yalan sözlərdir. Ona görə də heç kim inanmır”.
Ekspert bildirdi ki, xalqın halına yanan deputatlar barmaqla sayılası qədərdir: “Xalqın xeyrinə fikir söyləyən 4-5 nəfər millət vəkillərimiz var. Hamı da onları yaxşı tanıyır. Onlara da münasibət yaxşıdır. Bəziləri də var ki, özlərini xalqın yanında göstərməyə çalışır. Xalq da onu məsxərəyə qoyur. Əvvəllər də xalqın halından xəbərdar olmayan deputatlarımız da var idi. Gördülər ki, bu yanaşma ilə sevilmirlər və qabağa gedə bilmirlər. İndi isə fikrlərini dəyişib, xalqın xeyrinə danışmağa başlayıblar. Guya xalq onları tanımır? Onlardan soruşmaq lazımdır ki, niyə fikrinizi dəyişirsiniz, axı siz deputatsınız”.
Zərif Ülvizadə
Medianews.az