Ankarada fəaliyyət göstərən Anadolu Yayıncılar Dərnəyi (AYD) ilə Azərbaycanın Yeni Çağ Media Qrupu arasında “Əməkdaşlıq protokolu” imzalanıb.
Medianews.az xəbər verir ki, Türkiyə-Azərbaycan əlaqələrini həm media, həm də qeyri-hökumət təşkilatları (QHT) səviyyəsində yüksəltməyi hədəfləyən protokolla bağlı AYD prezidenti Sinan Burhan belə bir layihənin arzulanan olduğunu vurğulayıb. Bildirib ki, Türkiyə ilə Azərbaycan arasında media və ictimai qurumlar əlaqələrinin yeni bir mərhələyə qədəm qoyması, reallığa əsaslanan əməkdaşlıq modeli artıq qaçılmazdır.
Türkiyənin dəstəyi və Azərbaycanın 44 günlük vətən müharibəsindəki zəfəri ilə iki qardaş ölkənin əməkdaşlığında yeni imkanların yarandığını bildirən Yeni Çağ Media Qrupunun rəhbəri Aqil Ələsgər bu əlaqələrin bundan sonra da davam edəcəyini bildirib: “Bundan sonra da iki qardaş ölkə arasında Birgə Media Platformasının fəaliyyətinin gücləndirilməsi, media sahəsində bilik və təcrübə mübadiləsinin daha da intensivləşdirilməsi “Əməkdaşlıq protokolu” çərçivəsində daha keyfiyyətli, inkişaf etmiş şəkildə davam edəcək. Bu protokol çərçivəsində media və kommunikasiya sahəsində Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin və əməkdaşlığı daha da gücləndiriləcək, strateji media ortaqlığı yaradılacaq”.
Qardaş ölkənin Vətən müharibəsi zamanı göstərdiyi mənəvi, eyni zamanda media dəstəyin xüsusi əhəmiyyətə malik olduğunu bildirən Aqil Ələsgər iki ölkə arasında dərinləşən əməkdaşlığın ortaq məqsədə mühüm töhfələr verəcəyini bildirdi.
Sonda AYD sədri Sinan Burhan və Yeni Çağ Media Qrupunun sədri Aqil Ələsgər prokol imzalanıb.
Medianews.az