Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistan Respublikasına rəsmi səfər edib. Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıb. “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev imzaladılar.
Mövzu barədə Medianews.az-a danışan politoloq Yeganə Hacıyeva bildirdi ki, bu səfərin strateji əhəmiyyəti böyükdür:
“Özbəkistan rəsmilərinin Azərbaycana səfərinin üzərindən çox zaman keçməyib. Azərbaycan prezidentinin Özbəkistana səfərini sadəcə xoşməramın nümayişi adlandıra bilmərik. Bu səfər çox strateji məqsədlərə hədəflənib. Qlobal səviyyədə yerdəyişmələr baş verir. Beynəlxalq təsisatların əhəmiyyətinin azaldığı, bəzilərinin itdiyi, yenilərinin hələ formalaşmadığı bir zamanda yaşayırıq. Yeni dünya düzəni formalaşır. Yeni düzəndə yeni transformasiyalar baş verir. Bu trensformasiyalar regional əməkdaşlığın, ölkələrin vəziyyətini necə gücləndirdiyi həqiqətini bir daha təsdiqləyir”.
Ekspert qeyd etdi ki, region lideri ölkələrinin əməkdaşlığı və layihələrdə təşəbbüskar olmasını, təşəbbüskarlığın da həmin ölkələrə qlobal səviyyədə necə dividentlər gətirməsinin şahidi oluruq: “Azərbaycanın son 10 ildə aktiv səviyyədə pillə-pillə hazırladığı bir proses var. Bu proses Azərbaycan prezidentinin qurduğu bir siyasətdir. Bu siyasətin üzərində Azərbaycan öz dividentlərini götürməkdədir”.
Yeganə Hacıyeva qeyd etdi ki, Özbəkistan Postsovet dövründən Azərbaycanın ən yaxın olduğu ölkələrdən biridir:
“Etnik Azərbaycanlılar SSRİ dövründə və ondan sonra mədəni köçmələr vasitəsilə Özbəkistanda geniş təşəbbüs tapıblar. Bu təşəbbüs 90-cı illərdən sonra yeni forma alıb. Təşəbbüslərin yeni forma alması hər iki ölkəyə faydasını gətirib. Azərbaycanlılar Özbəkistanda, özbəklər də Azərbaycanda təhlükəsiz şəkildə yaşayır, özlərini evlərindəki kimi hiss edirlər. Özbəkistan 90-cı illərdən -Sovetdən sonra qurulacaq quruluşların nümunəsində türk zolağı adlandırdığımız coğrafiyada- Qazaxıstan, Özbəkistan, Azərbaycan, Türkiyədən Balkanlara keçən bu geniş zolaqda Mərkəzi Asiyadan qapı ölkələrdən biridir. Azərbaycan prezidentinin səfəri 90-cı illərdən qalmış türk zolağı ölkələrinin əməkdaşlığı və təşkilatçı qismində təşəkkül tapmasıdır. 90-cı illərdə vəziyyət indiki kimi deyildi. O imkanlar yox idi. İndi isə tam zamanıdır. Çünki beynəlxalq nizamda yenilənmə var. BMT daxil təşkilatlar əhəmiyyətini itirib”.
Y.Hacıyeva bildirdi ki, dünyadakı təhdidlərdən qurtulmağın yolu türk ölkələridir:
“Ukraynadakı hadisələr göstərdi ki, nəinki BMT heç Avropa Birliyi, ABŞ öz tərəfdaşlarını müdafiə edə bilmir, müdafiədə gücsüzdürlər. Formalaşan təhdidlərin fəsadlarını yaşayırıq. Fəsadların aradan qaldırılmasında türk zolağı ölkələrinin birgə əməkdaşlığı ümumi təhlükəsizliyə, stabilliyə bir töhvədir. Əgər 90-cı illərin əvvəlində bu ideyanı qərb, ABŞ dəstəkləmirdisə artıq zaman dəyişib. İndi həqiqətən ABŞ-ın özünün nüfuzunun bu coğrafiyada bərpası üçün türk dövlətlərinin dəstəkləməsi vacidir. Bu Rusiyanın qıcığına səbəb ola bilər”.
Siyasətçi bildirdi ki, Rusiyanın da itirdiyi nüfuzunu bərpa etməsinin yolu türk zolağı ölkələridir:
“Son proseslər göstərdi ki, Rusiya nə qədər aqressiv və təcəvüzkardırsa, son illər yanlış siyasət nəticəsində qlobal proseslərə təsir imkanları azalıb. Bu gün taxıl oğurluğu və s. çirkli üsullar vasitəsilə təsir imkanlarını genişləndirməyə çalışır. Qısamüddətli bir ay üçün effektli olsa da, uzunmüddət üçün batdığı bataqlığı daha da dərinləşdirir. Rusiya üçün də qurtuluş türk dövlətlərinin birliyindədir. Bu birlik həm Rusiyanın, həm ABŞ-ın regionda nüfuz və təsir imkanlarını möhkəmləndirmək üçün güclü alət ola bilər”.
Yeganə Hacıyeva qeyd etdi ki, bu proseslər türk ölkələrinin özlərinə də faydalıdır:
“Ona görə Azərbaycan prezidentinin Özbəkistana səfərini regional, regionlararası, qlobal aspektdən müsbət dəyərləndirirəm. İkili münasibətlərdə Özbəkistan mövcud olduğu təhlükəli regionda- Mərkəzi Asiyada təhlükəsizlik imkanlarını genişləndirməlidir. Bunun üçün Azərbaycanın köməyinə ehtiyacı var”.
Politoloqun sözlərinə görə, Azərbaycan Özbəkistan üçün vacib ölkələrdən başlıcasıdır:
“Özbəkistan özünün və qonşularının mineral resurslarının Azərbaycan vasitəsilə Avropaya ixracı, həmçinin Avropadan olan daşınmalarda da Azərbaycanı həlledici qapı kimi görür. Bu Özbəkistanın iqtisadi perspektivlərində ən birincisidir. Özbəkistan üçün daşınmalarda Azərbaycan qədər ikinci aktiv bir ölkə yoxdur. Bu səfər iki qardaş ölkənin görüşü kimi qarşılanıb. Özbəkistanda son illər ən xoş qarşılanan dövlət başçısı Azərbaycan prezidentidir. Bu görüşdə cəmiyyətlərin inteqrasiyasının ən yüksək formada nümayişi aparıldı. Birinci iqtisadi və mədəni, ikinci təhlükəsizlik, üçüncü qlobal iqtisadi münasibətlər danışıldı”.
Zərif Ülvizadə
Medianews.az