Özünü “islam dövləti”, “müsəlman təəssübkeşi”, Azərbaycanın “mehriban qonşusu” kimi təqdim edən İranın riyakar davranışları son günlərdə daha da intensivləşib. Təşkilatlandırılmış insanları Azərbaycanın Tehrandakı səfirliyi qarşısına çıxararaq Azərbaycan əleyhinə şüarlar, ölkəmiz əleyhinə əsassız ittihamlar səsləndirib.
Mövzu barədə Medianews.az-a danışan aparıcı, media eksperti Kamran Həsənli bildirdi ki, İran özünü dost gəstərsə də, əslində elə deyil:
“İranı həmişə Azərbaycanın müstəqilliyi, yüksəlişi, güclənməsi narahat edib. Hər zaman da şahidi oluruq ki, istənilən məsələdə onlar ermənilərə yardımçı olublar. Hətta 30 il ərzində işğal olunmuş torpaqlarımızda ermənilərlə əlbir həm tikinti işlərində, həm ticarətdə, həm qanunsuz sərhəddən keçirilən yüklərin hamısını üzərlərinə götürüblər. İranın məqsədi zəif Azərbaycan görməkdir. Çünki zəif Azərbaycan onlara daha çox sərf edir. Azərbaycanın güclənməsi həm hərbi, həm də status cəhətdən onları narahat edir. Məqsədləri Azərbaycanın gücünü zəiflətməkdir”.
K.Həsənli bildirdi ki, İrana qarşı tədbirlər görülməlidir:
“Bizim regionda Türkiyə ilə yaxınlığımız onları narahat edir. Türkiyənin regionda nüfuzunun artması onları narahat edən səbəblərdəndir. Bunun da siyasi səbəbləri var. Türkiyə ilə dostluğumuz daha da güclü olmalıdır, möhkəmlənməlidir. Orta Asiya dövlətləri ilə əlaqələri gücləndirməliyik. İranda yaşayan soydaşlarımızın hüquqlarını tələb etməliyik, dilimizdə məktəblər açılmalıdır, televiziyamız olmalıdır, ana dilimizdə mətbuat fəaliyyət göstərməlidir. Gördüyümüz işlər, missiyamız bu olmalıdır”.
Zərif Ülvizadə
Medianews.az