Taxıl böhranı ilə bağlı gələn həftə İstanbulda dördtərəfli mexanizm iclası keçiriləcək.
Medianews.az xəbər verir ki, taxıl böhranı ilə bağlı Türkiyə, Rusiya, Ukrayna və BMT rəsmilərindən ibarət dördtərəfli görüşün İstanbulda keçirilməsi planlaşdırılır.
Bu həftə bir hərbi nümayəndə heyətinin təfərrüatları müzakirə etmək üçün Rusiyaya gedəcəyi də açıqlanıb. Sammitdə Rusiya və Ukrayna nümayəndə heyətləri ilə yanaşı, prezident Ərdoğan və BMT-nin baş katibi də iştirak edəcək.
Məlumatlara görə, Odessada 4 liman vasitəsilə 3 dəhlizin açılması və buradan Türkiyəyə ərzaq məhsullarının 25% ucuz satılması gündəmdə olan mövzulardandır. Yaradılacaq dəhlizlə 8 aya qədər 30-35 milyon ton ərzaq daşınması nəzərdə tutulur.
Rusiyanın Ukraynaya hücumu taxıl və gübrə qiymətlərinin sürətlə artmasına və qlobal ərzaq böhranına səbəb olub. Bu işğal həm də Birləşmiş Millətlər Təşkilatını Odessadan və digər Ukrayna limanlarından gəmiçilik marşrutlarını yenidən açmaq üçün plan hazırlamağa sövq edib.
Qeyd edək ki, Rusiya və Ukrayna qlobal buğda tədarükünün təxminən üçdə birini təmin edir. Rusiya həm də əsas gübrə ixracatçısı, Ukrayna isə qarğıdalı və günəbaxan yağının əsas ixracatçısıdır.
Məsələ ilə bağlı Kremldən də açıqlama verilib.
“Rusiya Müdafiə Nazirliyi Ukraynadan taxıl dəhlizinin yaradılmasıyla bağlı Türkiyədə görüşlər keçirəcək”, – deyə məlumatda bildirilir.
Medianews.az