Rusiya işğalının baş verdiyi Ukraynada qəfil yoxa çıxan 2 ABŞ əsgərinin taleyinə aydınlıq gəlib.
Medianews.az xəbər verir ki, əsgərlərin görüntüləri Rusiya televiziyasında yayımlanıb.
Mövzu ilə bağlı ABŞ-dan heç bir açıqlama verilməsə də, Kremlin sözçüsü Peskov hər ikisinin muzdlu olduğunu və əməllərinə görə məsuliyyət daşımalı olduqlarını bildirib. Peskov bu iki əsgərin hərbi əsir sayılmayacağını bildirib.
Qeyd edək ki, Rusiyanın Ukraynanı işğal etməsindən sonra Ukrayna sıralarında döyüşən 39 yaşlı Robert Drueke və 27 yaşlı Endi Huynh Xarkov şəhərində münaqişə zamanı atılan qumbaranın dumanında itiblər.
ABŞ əsgəri Robert Drueke Rusiya televiziyası vasitəsilə anasına mesaj da göndərib: “Ana, sadəcə sağ olduğumu bilməni istəyirəm. Ümid edirəm ki, ən qısa zamanda evdə olacağam. Mənim üçün itimiz Dizelə yaxşı bax. Mən səni sevirəm”.
ABŞ tərəfi isə görüntülərə baxmayaraq videoların yoxlanılmadığını bildirib və əsgərlərin Rusiyanın əlində olduğuna dair heç bir dəlil olmadığını iddia edib. Kremlin sözçüsü Dmitri Peskov itkin düşmüş ABŞ əsgərlərinin həbs olunduğunu və rəsmi istintaq altında olduğunu qeyd edib.
Peskov bildirib ki, 2 nəfər muzdludur və onların əməllərinə görə ABŞ məsuliyyət daşımalıdır.
Medianews.az