Yay mövsümünün gəlməsi ilə isti havalar səbəbindən insanlar dənizə üz tutur. Valideynlər dənizə gedərkən təbii ki, uşaqlarını da özləri ilə aparırlar. Bəs görəsən uşaqlarla dənizə gedərkən hansı qaydalara əməl etmək lazımdır? Dənizdə uşaqlar üçün nə qədər təhlükəlidir?
Mövzu barədə Medianews.az-a danışan pediatr Vaqif Qarayev çimərliyə uşaqlarla gedərkən nələrə diqqət etməli olduğumuzu bildirdi:
“İlk növbədə çimərliyin təmizliyinə diqqət etməliyik. Çimərlik təmiz olmalıdır ki, uşaq infeksiyaya yoluxmasın. Çimərlikdə dənizin suyu, eyni zamanda qumu təmiz olmalıdır. Günün isti saatlarında 11:00-dan 17:00-a qədər dənizə getmək olmaz”.
Pediatr Xəyalə Quliyeva isə bildirdi ki, uşaqları dənizə apararkən əsas saata diqqət etmək lazımdır: “Yəni uşaqları günün hansı saatında dənizə aparmaq olar. Ya səhər saat 06:00-dan 10:00-a qədər olan müddətdə və yaxud 17:00-dan sonra məsləhətdir. Çünki saat 10-dan 17:00-a qədər uşaqların günəş şüaları altında dənizə aparılması təhlükəlidir. Ümumiyyətlə nəinki dənizə aparılması, eyni zamanda havaya çıxarılması təhlükəlidir. Ona görə ki, həmin saatlarda çox ciddi temperaturda, isti havada uşaqlarda ciddi şəkildə günvurma müşahidə edilə bilər”.
Həkim qeyd etdi ki, uşaqları dənizə aparmamışdan öncə kremdən istifadə etmək mütləqdir: “Krem ən azından yanıqların qarşısını ala bilər.Əsas SPF 30 olan kremlərdən istifadə uşaqlarda məqsədə uyğundur. 1 yaşa qədər olan uşaqlarda isə tövsiyyə edərdim ki, xüsusi hava ilə doldurulan hovuzlardan istifadə etsinlər. Hovuz su ilə doldurulsun, içərisinə apteklərdə uşaqlar üçün satılan dəniz duzu əlavə edilsin. Hər bir dəniz duzunun üzərinə istifadə qaydası yazılır. Bu qaydalara müvafiq olaraq uşaqlar suda 15-20 dəqiqə ərzində günəş vannası qəbul edə bilərlər. Eyni zamanda dəniz duzu ilə zənginləşdirilmiş su uşaqların orqanizminə müsbət təsir göstərir. Həm tərləməni azaldır, həm də yuxunu yaxşılaşdırır, dəridə pişməcə səpkiləri varsa, onlara da kömək etmiş olur”.
Zərif Ülvizadə
Medianews.az