Qlobal pandemiya şəraitində 2020-ci ildə ölkə iqtisadiyyatında yaşanan resessiya 2021-ci ildən başlayaraq iqtisadiyyatın sürətli bərpa prosesi ilə əvəzlənmişdir. Cari ilin ötən dövründə də bu müsbət dinamikanın davam etməsi müşahidə edilmişdir.
Medianews.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərin müzakirəsi zaman deyib.
Nazir bildirib ki, belə ki, cari ilin ilk dörd ayında ölkədə 39,6 milyard manatlıq, o cümlədən qeyri-neft-qaz sektorunda 19,5 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
“Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 7,2 faiz, o cümlədən qeyri neft sektoru üzrə ÜDM 11,4 faiz artıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-may ayları ərzində ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən sənayedə 2,8 faiz, kənd təsərrüfatında 3,6 faiz, tikinti sektorunda 10,0 faiz, informasiya və rabitə sahəsində isə 14,8 faiz real artım müşahidə olunub.
Cari ilin yanvar-may ayları ərzində xarici ticarət üzrə əməliyyatların həcmi 16,8 milyard ABŞ dolları və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 70,2 faiz artıb ki, bunun da 12,8 milyard ABŞ dolları ixrac əməliyyatlarının, 4,0 milyard ABŞ dolları isə idxal əməliyyatlarının payına düşür. Nəticədə xarici ticarət hesabında 8,8 milyard ABŞ dolları həcmində müsbət saldo yaranıb. Eyni zamanda, xarici ticarət dövriyyəsində qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 38,5 faiz və ya 268,5 milyon ABŞ dolları məbləğində artaraq 965,5 milyon ABŞ dollarına bərabər olub”, – deyə nazir bildirib.
O qeyd edib ki, Qlobal miqyasda davam edən proseslər və enerji resursları ilə bağlı yüksək qiymət gözləntiləri nəzərə alınaraq, iqtisadi artım proqnozları yenilənən zaman xam neftin bir barrelinin orta illik ixrac qiyməti 85 ABŞ dolları, orta illik inflyasiya isə 12,5 faiz səviyyəsində götürülüb.
“Bu əsasda cari il üzrə 86,6 milyard manat həcmində nəzərdə tutulmuş ümumi daxili məhsul üzrə proqnoz yenilənir və artırılaraq 115,4 milyard manata, o cümlədən qeyri-neft sektoru üzrə 65,7 milyard manata çatdırılır. Ümumi daxili məhsulun real artım sürəti 5,5 faiz proqnozlaşdırılır”, – deyə nazir əlavə edib.
Medianews.az