ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo İran İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsi haqqında danışıb.
Medianews.az-ın xəbərinə görə, Mayk Pompeo Qasım Süleymaninin adının 500 amerikalının öldürülməsini planlaşdıran şəxslərin siyahısında olduğu deyib. O, iranlı generalın bu səbəbdən öldürüldüyünü iddia edib.
Səudiyyə Ərəbistanında yerləşən Əl Ərəbiyyə telekanalına müsahibə verən Pompeo ABŞ-ın Süleymaniyə hücumundan danışıb: “Qasım Süleymani 500 amerikalının öldürülməsini planlaşdıranlar arasında idi. ABŞ administrasiyası da bu sui-qəsdi aradan qaldırmaq üçün Süleymanini öldürdü. ABŞ administrasiyası Süleymanini öldürərsə, bu vəziyyətin müharibəyə səbəb olacağına dair xəbərdarlıqlar da almışdı”.
Qeyd edək ki, 3 yanvar 2020-ci ildə ABŞ ordusuna məxsus hərbi təyyarə İraqın paytaxtı Bağdadda beynəlxalq hava limanının yaxınlığında “Həşd Şabi”yə məxsus iki avtomobilə avia zərbələr endirmişdi. Hücum nəticəsində “Həşd-Şabi”nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Rza əl-Cabiri və maşında olan digər 8 şəxs ilə “Həşd-Şabi” təşkilatının komandir müavini Əbu Mehdi əl-Mühəndisi həyatını itirmişdi. ABŞ müdafiə nazirliyinin yaydığı məlumata görə hava limanına endirilən raket zərbələri nəticəsində İran İnqilab Keşikçiləri Korpusunuun “Qüds” qüvvələri üzrə komandanı general Qasım Süleymani də həlak olub.
Medianews.az