Quru sərhədlərin nə vaxt açılacağı məsələsi aylardır gündəmdədir. Hər ay deyilir ki, gələn ayın əvvəli sərhədlər açılır. Lakin digər aya keçdikdə yenə heç bir yenilik olmur. Bəs quru sərhədlərinin açılmasının bu qədər yubadılmasına səbəb nədir?
Medianews.az-a danışan deputat Razi Nurullayev bildirdi ki, hər halda Operativ Qərargahın müəyyən səbəbləri var ki, sərhədləri açmır:
“Yəqin ki, insanlarımıza zülm vermək üçün etmirlər. Hər halda özlərinin hesablamaları var. Düşünürlər ki, pandemiya yenidən qabara, xəstəlik arta bilər. Hələ indi-indi modul tipli xəstəxanalar bağlanılır. Qorxurlar ki, xəstəliyin yeni tipləri əmələ gələr, insanlar yoluxarvə təzədən Səhiyyəmiz, ölkəmiz pis vəziyyətə düşər. Ona görə yəqin ki, bu riski üzərlərinə götürmürlər”.
Millət vəkilinin sözlərinə görə, sərhədlərin açılmamasının səbəbi Ümumdünya Səhiyyə Təşkilatıdır:
“Həm də biz Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə ciddi qulaq asırıq. Yəni Azərbaycan bəlkə də dünyada yeganə ölkələrdən biridir ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə hərfiyyən əməl edir. Əslində mən bunu düzgün saymıram. Amma indi dövlətimiz belə qərar verib, hörmət edək. Ümumdünya Səhiyyə Təşkilatının da belə bir tövsiyyəsi yoxdur, demirlər ki, pandemiya artıq qurtarır və yaxud təhlükə yoxdur. Yenə də açıqlama verirlər ki, təhlükə bitməyib, yeni ştamlar əmələ gələ bilər, qırılıb batacağıq. Belə bir halda bizim ölkəmiz də düşünür ki, Ümumdünya Səiyyə Təşkilatının prezidenti həyəcan təbili çalırsa, demək sərhədləri açmayaq. Mən Ümumdünya Səhiyyə Təşkilatını tam olaraq siyasiləşmiş və bir çox ölkələrin əlində müəyyən qərarların qəbul olunması və təzyiq göstərilməsi üçün vasitə hesab edirəm. Onların qərarlarını heç də cəmiyyətin xeyrinə qəbul etmirəm”.
Zərif Ülvizadə
Medianews.az