“Rusiya-Ukrayna müharibəsi aydın şəkildə göstərir ki, ATƏT-in Minsk qrupunun üç həmsədr ölkələri bir araya gələ bilmir. Biz bu mesajları alırıq. Artıq həmsədrlərin funksiyası yoxdur”.
Bu sözləri Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib. Prezident əlavə edib ki, ən yaxşı yol “Minsk qrupu, sağ ol” deməkdir.
Prezidentin bu çıxışı böyük müzakirələrə səbəb olub. Mövzu ilə bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev Medianews.az-a danışdı. Bildirdi ki, artıq Azərbaycan o nağıllara inanmır:
“Azərbaycan torpaqlarının bir hissəsini itirdikdən sonra ATƏT-in Minsk qrupu tərəfindən problemin həll edilməsi və Azərbaycana qarşı təcavüzə son qoyulması üçün onlara mandat verilsə də bu özünü doğrultmadı. Minsk qrupu bölgəyə ancaq turistik səfərlər etməkdə yadda qaldı. Faktiki olaraq Ermənistana qarşı heç bir təzyiq tətbiq edilmədi. Münaqişənin sülh yolu ilə həll olunması mümkün olmadı. Əksinə, Aprel döyüşləri zamanı Azərbaycana yenidən söz verildi ki, biz münaqişəni həll edəcəyik. Ancaq təəssüflər olsun ki, yenə də vaxt qazanmaq, zamanı uzatmaqdan başqa heç nə etmədilər. Problemi dondurmaq niyyətini sərgilədilər.
Azərbaycan 44 günlük vətən müharibəsində öz gücü, rəşadətli ordusunun zəhməti, şəhidlərimizin qanı hesabına torpaqlarını geri aldı. Xalq Ali Baş Komandanın ətrafında birləşdi və dəmir yumruğa çevrildi. Bu dəmir yumruq düşmənin başına elə bir zərbə endirdi ki… Nəticədə Ali Baş Komandanımızın, qazilərimizin, canından keçmiş şəhidlərimizin sayəsində biz torpaqlarımızı işğaldan azad, suverenliyimizi bərpa etdik. Daha çoxunu əldə edə bilərdik. Amma bizim ilkin hədəfimiz bu olduğu üçün onunla kifayətləndik. Bu gün regionda sülhün bərqarar olması üçün Azərbayan sülhlə çıxış edib. Ermənistana sülh əlini uzadıb.
Təəssüf edirik ki, Erənistan sülh anlaşmasını imzalamaq üçün müəyyən maneələr ortaya çıxır. Mütəmadi olaraq Ermənistan tərəfindən hansısa qüvvələr ATƏTİN Minsk qrupunu yenidən bizə sırımaq istəyirlər. Sülh əldə edilməsi üçün danışırlar həyata keçirilməkdədir.
Bugün ATƏTİN Minsk qrupunun edə biləcəyi heç nə yoxdur. Çünki Azərbaycan öz gücü hesabına torpaqlarını işğaldan azad edib. ATƏTİN Minsk qrupu öz misiyasını yerinə yetirə bilməyib. Münaqişə həll olunduğu üçün onların burada edə bilcəyi heç nə yoxdur. Minsk qrupu ölü bir təchizatdır. Onlar öz ölkələrində də səfir statusunda fəaliyyət göstərirlər. Bu baxımdan ATƏTİN Minsk qrupu məsələni gündəmə gətirmək ancaq Ermənistanın işinə yarayır. Ermənistan bu məsələni gündəmə gətirərək yenidən vaxt qazanmaq, prosesləri öz xeyrinə dəyişmək istəyir. Bunu isə Azərbaycan anlayır. Bir 30 il də zaman itirməyə imkan vermərik. Ən qısa zamanda sülh əldə etməliyik”.
Zərif Ülvizadə
Medianews.az