Nəqliyyat ekspertləri bildirirlər ki, maşın qiymətlərində bahalaşma mövcuddur. Bu bahalaşmanı da fəsillə əlaqələndirirlər. Deyirlər ki, yay aylarında tələbat çox olduğu üçün qiymətlər də qalxır. Bəs görəsən həqiqətən qiymətlər qalxıb? Bu qiymət artımı fəsillə əlaqəlidir?
Medianews.az-a danışan avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev dedi ki, fəsil yalnız ikinci əl avtomobillərə təsir edir:
“Yay aylarında satış, tələbat çox olur, düzdür. Yay aylarında həm yeni avtomobillərdə, həm də ikinci əl avtomobillərin satışında həmiş aktivlik müşahidə etmişik. Yeni avtomobillərin qiymət artımı yaya, qışa heç bir aidiyyatı yoxdur. Yeni avtomobillərin qiymətinin artması və ya azalması gömrük rüsumu, daşınma xərclərinin artıb-azalması, zavodun özündə maşının qiymətinin artması ilə bağlı bir məsələdir. Qeyd etdiyim üç amil avtomobilin qiymətinə təsir edir”.
Ekspert bildirdi ki, artım maşının növünə görə dəyişir?
“Hər il yay aylarında ikinci əl avtomobillərin qiymətində artım hiss etsək də bu il bunun əksi oldu. Yəni hər il avtomobilin markasından asılı olaraq 500 manatdan 2000 manata qədər artım olurdusa, bu il bu hal yaşanmır. Bu il ikinci əl avtomobil bazarında biz bunu müşahidə etmirik. Artıq bu gün ikinci əl büdcə avtomobilləri- bildiyimiz Toyota Priuslar, Kia Riolar , köhnə Hundailər, Opellər buraxılış ili əsasən 2006-2009 cu ili əhatə edən maşınlardan söhbət gedirsə, onlar daha çox alınan, tələbat olunan ikinci əl avtomobillərdəndir. Bu avtomobillərdə belə bir nüans var”.
Eyyub Əliyev sözlərinə görə, hazırda ikinci əl avtomobil satışında enmələr var:
“Hal hazırda yuxarıda qeyd etdiyim tipli avtomobilləri bəzi işbazlar vətəndaşlara 500-1000 manat ilkin ödəniş almaqla günü 20-30 manatlıq planla maşından asılı olaraq ayına 600-900 manata satırlar. Bu halların çoxalması bu tipli ikinci əllərin də qiymətlərinin aşağı düşməsinə səbəb olur. Məsələn əvvəl biz buraxılış ili 2007 ci il Opel Astranı 12 min manata nağd alırdıq, amma indi bu avtomobillərin nağd qiymətində düşmələr hiss edirik. Biz bu avtomobilləri 9000-10000 manata müşahidə edirik. Çünki artıq onlara tələbat yoxdur. Vətəndaşlar gedib 500-1000 manat depozit verib, istənilən ikinci əl o seqmentdə olan avtomobili ala bilirlər. O baxımdan ikinci əllərin satışında qiymətlərin qalxmasını yox, enməsini müşahidə edirik”.
Sonda isə ekspert istənilən avtomobili aldıqda onu rəsmi servisdə diaqnostika etdirməyin vacib olduğunu qeyd etdi.
Zərif Ülvizadə
Medianews.az