Rusiya Xarici İşlər Naziri Sergey Lavroy Türkiyədə rəsmi səfərdən sonra ölkəsinə dönmədən Ermənistana da səfər edib. Lakin Lavrov Ermənistanda etirazlarla qarşılanıb. İnsanlar ona qarşı sərt fikirlər səsləndiriblər. Politoloqlar bildirir ki, səbəb Lavrovun Türkiyədə Ermənistanın mövqeyini dəstəkləməməsidir.
Medianews.az-a danışan jurnalist, tanınmış tele-aparıcı Kamran Həsənli bildirdi ki, bu mitinq ilk dəfə olan bir şey deyil:
“Əslində Lavrov bu 44 günlük savaşdan əvvəl Ermənistana gələndə onu həmişə orada mitinqlə qarşılayırlar. O qarşılamalarda Lavrova daha kəskin sözlər deyilib, özü də bizim dilimizdən. Lavrov üçün kəskin sözləri plakatlara yazıb, hazırlamışdılar. Bu dəfə də kəskin sözlər deyildi, söyüş də səsləndi. Çünki Lavrov ermənidir. Onlar onu milliyətcə özününkü hesab edirlər. Hesab edirlər ki, o erməni olaraq orada Ermənistanın maraqlarına yaxşı xidmət etmir”.
Onun sözlərinə görə, erməni xalqının Rusiyadan gözləntiləri daha çoxdur və məhz bu səbəbdən Lavrova belə münasibət sərgiləyirlər:
“Ermənilər düşünür ki, Rusiya Ermənistanın bu 44 günlük savaşda yanında dayanıb, onlarla birlikdə vuruşmalı idi. Rusiya təbii ki, əlindən gələni edib- silahları verib, raketlərlə bizim şəhərlərimizi vurub. Amma onlar hesab edirdilər ki, 90-cı illərdə olduğu kimi Rusiya əsgərləri, zabitləri ilə Ermənilərin yerinə vuruşmalı, onların yanında dayanmalı idi. Lavrova da deyirlər ki, Türkiyə Azərbaycanı açıq dəstəkləyir, dostdurlar, açıq şəkildə bir yerdə həm danışırlar, həm də Azərbaycanın sözünü deyirlər. Amma Rusiya yetərincə dostluq nümayiş etdirmir. Ona görə ermənilər Rusiyanın heyfini Lavrovdan çıxırlar”.
Kamran Həsənlinin fikrincə, mitinq Rusiya ilə Ermənistan arasındakı münasibətlərin göstəricisi deyil:
“Orada olan hansısa zümrənin səsidir. Amma təbii ki, Ermənistanla Rusiyanın arasındakı münasibət Lavrova görə korlanmayıb ki? Paşinyan hakimiyyətə gələndə artıq Rusiya ilə Ermənistan arasında münasibətlər soyuqlaşıb və çoxdan dəyişmişdi. Paşinyan Rusiyanın adamı deyil. Paşinyan daha çox qərbyönümlü insandır və erməni xalqı da ona səs verib. Hətta müharibəni uduzandan sonra da istefa verdi. Yenə erməni xalqı onu seçdi. Bu o deməkdir ki, Ermənistandakı toplum, əksəriyyət Rusiyaya xidmət edən bəzi Köçeryanlar, Sarkisyanların ətrafında olan demaqoqlardan, Qarabağ klanından başqa həm ictimai, həm siyasi cəhətdən qərb tərəfdədirlər”.
Zərif Ülvizadə
Medianews.az