Ölkəmizdə özəl səhiyyə sahəsində çoxsaylı problemlərin olduğu dəfələrlə vurğulanıb. İstər göstərilən tibbi xidmətin keyfiyyətindən, istərsə də qiymətlərdən dəfələrlə narazılıq edilib. Dövlət xəstəxanalarında əhalinin sosial vəziyyəti müəyyən mənada düşünülsə də, özəl klinikalarda buna əhəmiyyət verilmir.
Özü də iş prinsipi elə qurulub ki, öncə pul ödənilir və veriləcək tibbi xidmətin keyfiyyəti ilə bağlı heç bir zəmanət verilmir. Nəticədə bu gün özəl xəstəxanalar əhaliyə sağlamlıq verməkdən daha çox, bəzilərinə milyonlar qazandırmaq üçün bir vasitəyə çevrilib. Heç kimə sirr deyil ki, gözəl görünüşlü, təmirli özəl klinikaların sayı hər gün artsa da, pullu tibb müəssisələrində təklif olunan xidmətlərin qiyməti enmək bilmir. Başqa sözlə desək, özəl klinikalar insanları soymağa davam edir. Bu tibb ocaqlarında qiymətlər xəstəyə müalicə yox, çarəsizlik bəxş edir.
Məlumdur ki, dövlət xəstəxanalarına nəzarət var. Ancaq özəl sektorda sərbəstlikdir. Maraqlıdır, özəl xəstəxanaların işinə necə nəzarət tətbiq edilə bilər?
Professor, tibbi ekspert Adil Qeybulla “Bakı Xəbər”ə bildirib ki, özəl xəstəxanalara nəzarət Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilməlidir: “Məlumdur ki, ayrı-ayrı xəstəxanalar müxtəlif nazirliklərin tabeliyindədir, bu nəzarəti həyata keçirmək mümkün olmayacaq. Bu sahədə biz Türkiyə təcrübəsindən istifadə etməliyik.
Yəni Türkiyədə səhiyyə işini həyata keçirən nazirlik tərəfindən tibb məntəqələrinin müstəqilliyi təmin edilir, özbaşınalıqlara yol verilmir. Ümumiyyətlə, tibbi nəzarət mənasında özəl xəstəxanalar müstəqil ola bilməz, onlara nəzarət mütləqdir. Xəstəxanalarda kliniki protokollar olmalıdır. Amma baxın görün hansı xəstəxanalarda kliniki protokollar var?”
Professor onu da əlavə etdi ki, hazırda dövlət özəl xəstəxanaların işinə müdaxilə edə bilmir. Bu sahəyə ciddi nəzarət edilməlidir.