Valideynlər bildirirlər ki, əvvəllər onlar uşaq olanda yay düşərgələri olardı. Uşaqlar yay tətilində orada istirahət edərdilər. Hazırda isə belə imkanlar yoxdur. Varsa da, pullu xidmətlərdir. Bütün valideynlərin də uşaqları belə düşərgəyə göndərməyə imkanı yoxdur. Valideynlər istəyirlər ki, məktəblər tərəfindən belə düşərgələr yaradılsın və hər kəs üçün əlçatan olsun.
Mövzu ilə bağlı Medianews-a danışan sosioloq Lalə Mehralı dedi ki, onların vaxtında ödənişsiz düşərgələr var idi: “O vaxt bu cür yay düşərgələri təşkil edilirdi. Özü də Azərbaycanın ən gözəl bölgələrində, guşələrində – Şuşada, Qarabağda. Təsəvvür edin, ucqar bir kənddən Şuşaya, Qarabağa uşaqları, bütün xərclər dövlətin olmaq şərti ilə, 1 aylıq düşərgəyə aparırdılar. İkiaylıq düşərgələr də olurdu. Valideynlər istəyə görə göndərirdi. İstəməyən göndərmirdi. Bunlar üçün heç bir ödəniş tələb olunmurdu”.
Ekspertin fikrincə, indiki düşərgələrin qiyməti azərbaycanlı ailələrin büdcəsinə uyğun deyil: “Amma indi yay düşərgəsinin heç həndəvərindən belə keçmək olmur. O düşərgələr sadə Azərbaycan vətəndaşının gəlirlərinə uyğun deyil. Bəli, özəl məktəblərin bəzilərində bu xidmət var. Bir də pullu xidmət göstərən belə şirkətlər var. Təsəvvür edirəm ki, ora uşaq göndərəsi olsaq, bizim xərcimiz nə qədər çıxar. Çox böyük məbləğlər tələb edilir. Əgər dövlət bununla bağlı bir layihə işləsəydi, yaxud da sərbəst layihə işlənib dövlətə təqdim olunsaydı, dövlət bunun işləmə mexanizmini tərtib etsəydi, pulsuz olmasa da, müəyyən məbləğ qarşılığında, yəni hamının büdcəsinə uyğun olacaq məbləğdə uşaqlarımızı düşərgələrə göndərə bilərdik”.
Lalə Mehralı bildirdi ki, əgər sərfəli qiymət tətbiq etsələr, uşaqlar gedə bilər: “Əvvəllər bu məsələ pulsuz idisə, indi deyilə bilər ki, dövlətin bu qədər xərci qarşılamaq imkanı yoxdur. Ola bilər ki, müəyyən miqdarını valideyn özü də qarşılayar. Dövlət tutaq ki, əlaçıların yay düşərgəsində iştirak etməyini tamamilə pulsuz həyata keçirə bilər. Bu, şəhid ailələrinin uşaqları üçün tamamilə pulsuz ola bilər. Atası qazi olanlar, ehtiyaclı kateqoriyaya daxil olan uşaqların düşərgə haqqını almazlar. Amma normal, sıradan Azərbaycan vətəndaşı üçün bu haqqı minimuma endirmək mümkün olar. Elə hesab edirəm ki, sərfəli qiymətlərlə yay düşərgələri təklif etmək olar və çox adam da istəyər ki, övladı iştirak etsin”.
Sosioloq əlavə etdi ki, düşərgələr, həmçinin, şagirdlərin dərsə həvəsini də artıra bilər: “Əgər məktəbdə yaxşı göstəricilərinə, qiymətinə görə uşaqlar arasında belə bir şey etsələr, bu, uşaqlara oxumaq üçün də stimul verər. Yəni uşaqlar il boyu çalışarlar ki, yaxşı qiymət alsınlar, yaxşı nəticə göstərsinlər ki, il sonunda dövlət onları pulsuz yay düşərgəsində istirahətə göndərsin. Məncə, uşaqlar üçün təşviqedici davranış olar. Uşaqlara yaxşı oxumağı müqabilində planşet, telefon verən məktəblər olur, direktor özü məktəbin büdcəsindən belə bir addım həyata keçirir. Amma yay düşərgələri məsələsi gündəmə gəlsə, məktəblər bunu öz hesabına edə bilər, Təhsil Nazirliyinin, dövlətin hesabına bu cür təşviqedici addımlar atıla bilər”.
Zərif Ülvizadə
Medianews