Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iyunun 8-də Türkiyəyə səfəri beynəlxalq səviyyədə də izlənilir. Rusiyanın Ukraynaya müdaxiləsindən sonra atəşkəs və sülh danışıqlarına ev sahibliyi edən, “balans siyasəti” yürütmək üçün həm Kiyev, həm də Moskva ilə münasibətlərini qoruyan Ankaranın mesajları dünya paytaxtlarında maraq doğurur. Türkiyənin Suriyaya mümkün hərbi əməliyyatından əvvəl bu səfərin reallaşması uzun müddətdir birlikdə hərəkət edən Ankara və Moskva üçün son vəziyyəti yerində nəzərdən keçirmək üçün mühüm fürsət olacaq.
Qara dənizdə təhlükəsiz dəhlizin yaradılması, xüsusilə də taxıl daşıyan tankerlərin Qara dənizə və limanlara giriş-çıxışı ilə bağlı məsələlər qlobal ərzaq təhlükəsizliyi baxımından bütün dünyanın diqqətlə izlədiyi gündəm mövzusu olacaq.Rusiya xarici işlər naziri Sergey Lavrovun hərbi nümayəndə heyəti ilə Türkiyəyə səfər etməsi Suriya əməliyyatının xüsusilə müzakirə olunacağını göstərən konkret işarə kimi qiymətləndirilir.
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan ötən ay bəyan etmişdi ki, Türkiyə ABŞ-ın dəstəklədiyi kürd yaraqlılarına qarşı Suriya sərhədi boyunca 30 kilometr enində təhlükəsizlik zonası yaratmağı planlaşdırır. Türkiyənin bölgədəki kürd yaraqlılarını sıxışdırmaq və sərhəddə təhlükəsiz zona yaratmaq üçün Suriyada hərbi əməliyyat keçirmək planına ABŞ-ın qarşı çıxması Rusiyanın isə məsafəli olduğu məlumdur.
Lavrov ötən ay Türkiyənin Suriyada baş verənlərə biganə qala bilməyəcəyini deyərək bildirib ki, Suriyada hələ də heç kimin ora çağırmadığı ölkələrin orduları var: “ABŞ qoşunları Fəratın şərq sahilinin böyük hissəsini işğal edir. Orada qondarma dövlət qurmağa, parçalanmağa dəstək verməyə və bölgədəki bəzi İraq kürdlərinin hisslərindən istifadə etməyə çalışırlar. Bununla da İraq və Suriya kürdlərini birləşdirən strukturda problemlər yaradırlar”.
Türkiyə və Rusiya 11 ildir ki, Suriyada müxtəlif partiyaları dəstəkləsələr də, ölkənin şimalında əməkdaşlıq çərçivəsində hərəkət edirlər.Rusiyanın son vaxtlar Türkiyə sərhədi yaxınlığındakı bazasına döyüş təyyarələri və helikopterlər göndərdiyi də məlumdur. Rusiyanın Suriyadakı müharibəyə müdaxiləsi Əsədin məğlubiyyətinin qarşısını aldı. Suriya müxalifəti ölkənin şimal-qərbində yerləşdirilsə də, Türkiyənin dəstəyini də alır.
Moskvanın diqqətini Ukraynaya yönəltdiyi bir vaxtda Vladimir Putinin Türkiyənin cənub sərhədi boyunca 30 kilometrlik torpaq zolaqda Ərdoğanın yolunu kəsməsi çətin görünür.
Aysel Məmmədova
Medianews.az