ABŞ-ın açıqladığı kəşfiyyat hesabatına görə, Rusiya prezidenti Vladimir Putin aprel ayında xərçəng xəstəliyindən müalicə olunub.
Medianews.az-ın məlumatına görə, xəbərdə mart ayında Putinə qarşı sui-qəsdin təşkil edildiyi də vurğulanıb.
Yüksək rütbəli bir kəşfiyyat rəsmisi Putin haqqında “Hər kəs sonun yaxınlaşdığını hiss edir”, – deyə bildirib.
Üç yüksək rütbəli kəşfiyyat rəsmisi verdiyi açıqlamada Putinin səhhətinin Bayden administrasiyası tərəfindən ciddi şəkildə araşdırıldığını və məxfi hesabatın xərçəngin müalicəsi ilə bağlı xəbərləri təsdiqlədiyini bildirib.
Sözügedən kəşfiyyat rəsmilərindən biri “Putinin mövqeyi güclüdür, lakin davamlı olamayacaq”, deyə bildirib. Milli Kəşfiyyat Direktoru, ABŞ Hərbi Hava Qüvvələri və Müdafiə Kəşfiyyat Agentliyinin mənbələri Putinin səhhətinin güman ediləndən daha ciddi olduğunu qeyd edirlər.
Kəşfiyyat rəsmiləri bildiriblər ki, Putinin Ukraynadakı müharibənin dördüncü ayında fiziki yorğunluğu Rusiyanın öz yorğunluğu ilə üst-üstə düşür.
Rəsmilər deyir ki, kəşfiyyat qiymətləndirmələri də mart ayında sui-qəsd cəhdinin edildiyini təsdiqləyir.
Qeyd edək ki, ötən bazar günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov Putinin xəstə olması və ya ölmək üzrə olması ilə bağlı şayiələri təkzib edib: “Prezident Vladimir Putin hər gün ictimaiyyət qarşısına çıxır. Siz onu ekranlarda izləyə, çıxışlarını dinləyə bilərsiniz. Düşünmürəm ki, ağlı başında olan insanlar xəstəlik və ya səhhətinin pisləşməsi əlamətlərini görə bilər”.
Medianews.az