ABŞ-da səfərdə olan NATO-nun baş katibi Yens Stoltenberq Ağ Evdə ABŞ prezidenti Co Baydenlə görüşüb.
Medianews.az xəbər verir ki, görüşdən sonra Ağ Evin bağçasında jurnalistlərə açıqlama verən Stoltenberq prezident Bayden, vitse-prezident Kamala Harris və ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivanla “böyük görüş” keçirdiyini bildirib.
ABŞ-ın Ukraynaya dəstəyini təqdir edən Stoltenberq, ABŞ-ın dəstəyinin hər gün döyüş meydanında fərq yaratdığını deyib.
Bu ay İspaniyanın paytaxtı Madriddə keçiriləcək NATO Liderlər Zirvəsinə toxunan Stoltenberq, sözügedən sammitin “təhlükəsizlik baxımından çox vacib bir zamanda” baş tutduğunu ifadə edərək, Bayden ilə İspaniyada görüşməyi səbirsizliklə gözlədiyini dilə gətirib.
Rusiya-Ukrayna müharibəsinin gedişi ilə bağlı sualı cavablandıran Stoltenberq, müharibələrin təbiətcə gözlənilməz olduğunu və buna görə də hazır olmaq lazım olduğunu, sözügedən müharibədə ukraynalıların ağır bədəl ödədiyini xüsusi vurğulayıb.
Rusiya-Ukrayna müharibəsinin “danışıq masası arxasında bitəcəyinə” inandığını ifadə edən Stoltenberq, Ukraynanın NATO-nun dəstəyinə ehtiyacı olduğuna diqqət çəkib.
Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyünə veto qoyması ilə bağlı suala Stoltenberq problemin həll olunacağına inandığını bildirib və deyib:
“Bir müttəfiq narahatlıqlarını dilə gətirəndə biz həmişə etdiyimiz şeyi etməliyik: oturub bu narahatlıqları aradan qaldırmalı və daha sonra birgə irəliləməliyik. Biz bir yol tapmalıyıq.
Türkiyə, İsveç və Finlandiya ilə sıx təmasdayıq”.
Yaxın vaxtlarda Türkiyə, İsveç və Finlandiyanın yüksək vəzifəli şəxsləri ilə görüş keçirəcəyini xatırladan Stoltenberq Türkiyənin “vacib müttəfiq” olduğunu da qeyd edib.
Leyla, Medianews.az