İyunun 1-də, Uşaqların Beynəlxalq Müdafiəsi günündə Balaxanıda, Sabir parkında “Teatral” teatr studiyasının 1 yaşı qeyd edildi. Studiyanın şagirdləri həmin gün səhnədə biri-birindən maraqlı performans göstərərək tamaşaçılara gözəl gün bəxş etdilər.
“Teatral” teatr studiyasının bədii rəhbəri, tanınmış aktrisa Səbinə Məmmədova sevinc hisslərini bizimlə bölüşdü. Bildirdi ki, studiyanın şagirdləri bu bir il ərzində müəyyən yol qət edib. O, qarşıda daha böyük hədəflərinin olduğunu vurğuladı: “Bir ildir ki, “Teatral” teatr studiya vasitəsi ilə uşaqların özünüinkişaf mərhələsində onlara yardımçı oluruq. Belə ki, burada şagirdlər özünü inkişafla yanaşı, gələcək həyata hazırlanır, daha aktiv və kompleksiz yetişirlər. “Teatral” teatr studiyamızın missiyası da məhz bundan ibarətdir. Studiyanın yaradılmasında əsas məqsəd isə uşaqları uşaq yaşlarından teatra alışdırmaq və teatral ruhda böyütməkdir.
İyunun 1-də isə biz həm uşaqların bayramını, həm də studiyamızın 1 yaşını qeyd etdik. Sevidnici hallarda biri də odur ki, bayram şənliyi vaxtı ilə natəmiz hesab edilən Balaxanıda qeyd olundu. İndi isə bura çiçək, təmizlik kəndi adlanır. Balaxanı abadlaşmış küçələrdə, Sabir parkında keçirilən şənlik tamaşaçıların da marağına səbəb oldu. Uşaqlar sərbəst şəkildə çıxışlar edir, hazırladıqları proqramı tamaşaçılara təqdim edirdilər. Eyni zamanda şagirdlərimiz həmin gün xüsusi nominasiyalarla təltif olundular”.
Medianews.az