Meymun çiçəyi virusu hər keçən gün yeni bir ölkəyə yayılmağa davam etdiyi üçün tədbirlər bir-birinin ardınca gəlir.
Medianews.az xəbər verir ki, Nigeriya da virusun yayılmasının qarşısını almaq üçün yeni bir tədbir gördüyünü açıqlayıb.
Belə ki, Nigeriya dünyada hər gün müşahidə edilən meymun çiçəyi virusunun yayılmasının qarşısını almaq üçün vəhşi heyvan ətinin satışını qadağan etdiyini açıqlayıb. Kənd Təsərrüfatı Naziri Məhəmməd Əbu Bəkr ölkədəki bütün vəhşi heyvan ovçularına və ticarətçilərinə işlərini dayandırmağı əmr edib.
İndiyədək 21 yoluxmanın müşahidə edildiyi ölkədə virusdan ilk ölüm mayın sonunda qeydə alınıb. Ölkə daxilində siçanlar, antiloplar, çöl donuzları, ilanlar və şimpanzelər kimi heyvanların ətlərinin satıldığı bir çox bazar var. Virusun vəhşi heyvan ətinin istehlakı ilə ötürüldüyünə dair heç bir sübut olmasa da, qərarın ehtiyat məqsədli olduğu bildirilir.
ÜST-ün məlumatına görə, bu il Kamerun, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Liberiya, Nigeriya, Konqo Respublikası və Syerra-Leonedə 1392 şübhəli və 44 təsdiqlənmiş meymun çiçəyinə yoluxma hadisəsi qeydə alınıb.
Qeyd edək ki, Endemik bir virusun yaratdığı nadir xəstəliklərdən biri kimi tanınan meymun çiçəyi Konqo və Qərbi Afrika növü olaraq ikiyə ayrılır. Adətən heyvandan insana, nadir hallarda isə insandan insana keçən virus bədəndə yüksək hərarət və qaşınma qabarcıqlarına səbəb ola bilər.
Medianews.az