Suriya Milli Ordusu Hələbin şimalında çoxlu əsgərin iştirakı ilə təlim keçirib.
Medianews.az xəbər verir ki, prezident Ərdoğanın işarə etdiyi Menbic və Tel Rıfat şəhərlərinə zirehli texnika, hərbi sursat, o cümlədən ağır və orta dərəcəli silahlar göndərən SMO, “Əməliyyata hazırıq” mesajını verib.
Prezident Rəcəb Tayyib Ərdoğanın “Bir gecə qəfil girə bilərik” ritorikası ilə Suriyanın şimalına əməliyyat siqnalı verməsindən sonra əməliyyatın keçiriləcəyi gözlənilən bölgələrdə aktivlik davam edir. Ərdoğan terrordan azad ediləcək bölgələrin Tel Rıfat və Menbic olduğunu açıqlamışdı. Ötən həftə Türkiyənin keçirəcəyi əməliyyatına dəstək verəcəyini açıqlayan Suriya Milli Ordusu 2000 əsgərlə bölgədə təlimlərə başlayıb.
Suriya Milli Ordusunun Tel Rıfat şəhərində PKK terror təşkilatı ilə mümkün əməliyyatlara qarşı hazırlaşdığı da qeyd edilib. Digər tərəfdən, Hələbin şimal çöllərində Suriya Demokratik Qüvvələri (SDQ) və Əsəd rejiminə bağlı quldur dəstələrinin nəzarəti altında olan bölgələrin hava məkanında 6 Rusiya helikopterinin patrul xidməti həyata keçirdiyi görülüb.
Medianews.az