Hazırda dünyanın bir sıra ölkələrində aşkarlanan meymunçiçəyi virusu çimərlik mövsümü yaxınlaşdıqca insanları daha çox narahat edir. Çünki bu xəstəliyin suçiçəyi infeksiyası ilə kliniki əlamətləri oxşar hesab olunur. Suçiçəyinin isə su hövzələrində yayılma riski daha çoxdur.
Həkim İnfeksionist Natiq Əliyev deyir ki, meymunçiçəyi hava-damcı yolu ilə yayılan infeksiyadır. Bu virusun su ilə digər şəxslərə ötürülmə ehtimalı yoxdur.
Natiq Əliyevin sözlərinə görə, digər viruslardan fərqli olaraq meymunçiçəyidən ölüm faizi olduqca aşağıdır. Buna baxmayaraq, virusa yoluxan xəstələrdə karantin müddəti ağır keçə bilər. İnfeksionist xəstəlikdən qorunmaq üçün əsas gigiyenik qaydalara riayət etməyi, çimərliklərdə ara məsafəsini qorumağı tövsiyə edir.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya şöbəsinin müdiri Ziyəddin Kazımov Xəzər xəbərin sorğusuna cavab olaraq bildirib ki, hazırda çimərlik mövsümünün yaxınlaşması ilə əlaqdar dəniz suyunun laborator-instrumental tədqiqatı aparılır. Müayinələrin nəticəsinə uyğun olaraq icitmaiyyətə ətraflı məlumat veriləcək.